...

Vaşinqtonda 28 may - Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 1 İyun 2012 07:12 (UTC +04:00)
28 may - Respublika Günü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Potomak çayının sahilində yerləşən Sequoia mərkəzində tədbir keçirilib.
Vaşinqtonda 28 may - Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

28 may - Respublika Günü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Potomak çayının sahilində yerləşən Sequoia mərkəzində tədbir keçirilib.

Səfirlikdən Trend-ə verildiyi məlumata görə, tədbirdə ABŞ Dövlət Katibinin iqtisadiyyat, biznes və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin, müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müavini Selest Uollander, enerji katibinin siyasət və beynəlxalq məsələlər üzrə müavini Conatan Elkaynd, ABŞ Protokol xidmətinin rəisi Kaprişiya Marşal, Ohayodan seçilmiş konqres üzvü xanım Cin Şmidt, ABŞ-a akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif analitik mərkəzlərin aparıcı mütəxəssisləri, türk, yəhudi təşkilatları və diaspor üzvləri də daxil olmaqla, 500-ə yaxın qonaq iştirak edib.

Hər iki ölkənin dövlət himninin amerikalı müğənni Valerie Daukins tərəfindən səsləndirilməsindən sonra açılış nitqi ilə çıxış edən səfir Elin Süleymanov 28 may Respublika Günü barədə tədbir iştirakçılarına məlumat verərək, 94 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik parlament respublikası olduğunu və qadınların seçki hüququ ilə təmin edildiyini xüsusi vurğulayıb.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının müstəqilliyindən keçən 20 il ərzində bir çox nəzərəçarpacaq nailiyyətlər əldə etdiyini bildirib, cəmi bir ay ərzində Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi və NATO-nun Çikaqo Sammitində iştirak etməsi, eləcə də Azərbaycanın "Avroviziya" mahnı yarışmasına yüksək səviyyədə ev sahibliyi etməsini ölkəmizin müxtəlif sahələrdə uğurunun bariz nümunəsi olduğunu bildirib. Diplomat sadalananları nəzərə alaraq, qeyd edib ki, Cümhuriyyətin baniləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının qazanmış olduğu uğurdan fəxr edərdilər.

Tədbirdə Vaşinqtonun meri Vinsent Qreyin qərarına əsasən, 28 may tarixinin "Azərbaycan milli günü" kimi qeyd edilməsi barədə bəyannamə oxunub. Bəyannamədə Azərbaycan Demokratik Respublikasının əsasının qoyulduğu 28 may tarixinin sayı 40 milyona yaxın olan dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunduğu bildirilir, Azərbaycanın ABŞ-ın mühüm strateji müttəfiqi olduğu, Azərbaycan qoşunlarının İraq və Kosovada, hazırda isə Əfqanıstanda amerikan qoşunları ilə bərabər çiyin-çiyinə xidmət göstərdiyi qeyd olunur. Tədbirin rəsmi hissəsində həmçinin Oklahoma Milli Qvardiyasının komandanı Maylz Dirinq ştatın qubernatoru Meri Folun adından Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırıb.

Rəsmi hissə başa çatdıqdan sonra yerli və xarici mahnıların müşayiəti ilə tədbir davam etdirilib.

Xəbər lenti

Xəbər lenti