...

Səməd Seyidov: Həmməruzəçilər yenidən Azərbaycana səfər edəcəklər

Siyasət Materials 28 İyun 2012 19:39 (UTC +04:00)
Azərbaycan üzrə həmməruzəçilər oktyabr ayında yenidən Azərbaycana səfər edəcəklər.
Səməd Seyidov: Həmməruzəçilər yenidən Azərbaycana səfər edəcəklər

Fransa, Strasburq, 28 iyun /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan üzrə həmməruzəçilər oktyabr ayında yenidən Azərbaycana səfər edəcəklər. Trend-in məlumatına görə, bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Səməd Seyidov qurumun Monitorinq Komitəsinin iclasında aparılan müzakirələri şərh edərkən deyib.

Millət vəkili komitənin iclasında vacib müzakirələrin getdiyini bildirib.

"AŞ PA-nın Monitorinq Komitəsində çox vacib müzakirələr keçdi. Komitə üzvləri Azərbaycan üzrə həmməruzəçi Aqramunt və mənim çıxışıma qulaq asdıqdan sonra demək olar ki, hamısı çıxış etdi. Çıxış edənlərin ümumi fikri ondan ibarət oldu ki, Monitorinq Komitəsinin daxilində Azərbaycan üzrə məruzənin hazırlanması normal, obyektiv və Azərbaycanla işgüzar şəkildə həyata keçirilir. Bundan əlavə, qeyd edildi ki, Ştrasserin təqdim etdiyi iki məruzə - "Siyasi məhbuslar"la bağlı definisiyalar və Azərbaycanda "siyasi məhbuslar"la bağlı məruzələr xeyli qeyri-obyektiv, düzgün olmayan məsələlər və bəzən hətta qərəzli məqamları ehtiva edir. Bunun qarşısını almaq bir yolla mümkündür. Bu da Azərbaycanla AŞ PA Monitorinq Komitəsi arasında işləri yüksək səviyyədə təşkil edib davam etdirməkdir. Monitorinq Komitəsi bu məsələdə maraqlıdır", - o deyib.

Seyidovun sözlərinə görə, komitədə həmməruzəçilərə qarşı təzyiqlərin göstərilməsi qəbuledilməz bir davranış kimi qiymətləndirilib və qeyd olunub ki, qısa müddətdə Azərbaycanda obyektiv, real və müsbət irəliləyişlər AŞ-də olan deputatlara və ictimaiyyətə daha geniş formada çatdırılmalıdır.

"Bu münasibətlərin, bu nailiyyətlərin ictimaiyyətə çatdırılmamasının səbəbkarlarını yalnız ölkənin daxilində və AŞ-də yox, o cümlədən Azərbaycanın inkişafına başqa gözlə baxan dairələrdə də axtarmaq lazımdır. Bu yaxınlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən yeni enerji layihələrinin Türkiyədə imzalanması xüsusi əhəmiyyətə malikdir", - Seyidov deyib.

O qeyd edib ki, Azərbaycan üzrə həmməruzəçilər məruzə ilə bağlı yenidən oktyabr ayında ölkəyə səfər edəcəklər.

"Ümumi şəkildə Monitorinq Komitəsində çox konstruktiv münasibətlər yaranıb və qərara alındı ki, həmməruzəçilər cari ilin oktyabr ayında yenidən Azərbaycana səfər edəcəklər və böyük ehtimalla məruzənin özü AŞ PA-nın yanvar sessiyasında müzakirə olunacaq. Əgər məruzə yanvar sessiyasına hazır olmasa (hələlik onun müzakirəsi yanvar sessiyasına planlaşdırılıb), qurumun aprel sessiyasında mütləq müzakirə olunmalıdır. Ona görə ki, AŞ prosedurlarına görə, iki il ərzində iş AŞ PA-ya çatdırılmalıdır", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti