...

Prezident İlham Əliyev: Azərbaycan ilə ABŞ-ı bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir

Siyasət Materials 3 İyul 2012 18:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev: Azərbaycan ilə ABŞ-ı bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.

"Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur", - təbrikdə deyilir.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan ilə Birləşmiş Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

"Biz bundan sonra da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində birgə səylərimizi davam etdirmək, dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin edilməsi işinə töhfələr vermək əzmindəyik. Birləşmiş Ştatların bütövlükdə regionumuza diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımız işğal olunmuş və bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Biz sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyiniz səylərə böyük ümidlər bəsləyirik", - təbrikdə bildirilir.

İlham Əliyev Barak Obamaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Amerika xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti