...

Bakıda Azərbaycan və Rusiya parlamentarilərinin birgə komitəsinin iclası keçirilib

Siyasət Materials 6 İyul 2012 15:33 (UTC +04:00)
Milli Məclisdə cümə günü Azərbaycan və Rusiya parlamentarilərinin birgə komitəsinin iclası keçirilib.
Bakıda Azərbaycan və Rusiya parlamentarilərinin birgə komitəsinin iclası keçirilib

Azərbaycan, Bakı, 6 iyul /Trend müxbir M.Əliyev/

Milli Məclisdə cümə günü Azərbaycan və Rusiya parlamentarilərinin birgə komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, iki ölkə arasında humanitar və mədəni əlaqələr çox yaxşı inkişaf edib və inkişaf davam edir.

Əsgərov əlavə edib ki, ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin müstəsna rolu var və bu tədbir ikitərəfli əlaqələrin inkişafına öz töhfəsinin verəcək.

"Ümid edirəm ki, bu tədbirlər davamlı olacaq və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək", - birinci vitse-spiker deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olsa da, istənilən nəticəni vermir.

"Onların ləng fəaliyyəti və ciddi iradənin olmaması Ermənistanın işğalçılıq siyasətinin bu günədək davam etməsinə şərait yaradır. Amma Rusiya ATƏT MQ-nin həmsədri kimi digər həmsədr ölkələrdən fərqli olaraq, münaqişənin həllində aktiv mövqe nümayiş etdirir. Bu, bizə güman etməyə əsas verir ki, münaqişə öz ədalətli həllini tapacaq və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar", - Seyidov deyib.

Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutskiy bildirib ki, bu tip tədbirlər əlaqələrin genişlənməsində, istər dövlətlərarası, istərsə də xalqlararası münasibətlərin yaxılaşmasında müstəsna rol oynayır.

"Hesab edirəm ki, bu tədbir də əlaqələrimizin inkişafına öz töhfəsinin verəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti