...

Azərbaycan və Uruqvay arasında iki saziş və dostluq qrupunun yaradılması ilə bağlı akt imzalanıb (FOTO)

Siyasət Materials 28 İyul 2012 17:51 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə görüşüb.
Azərbaycan və Uruqvay arasında iki saziş və dostluq qrupunun yaradılması ilə bağlı akt imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Luis Almaqro Azərbaycan nümayəndə heyətinin bu səfərinin iki ökə arasında münasibətlərin tarixində ilk rəsmi səfəri olduğunu xüsusi vurğulayıb və qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə inam ifadə edib.

Məmmədyarov Ermənistan-Azərbaycan münaqişənin tarixi kökləri və nəticələri, münaqişəyə münasibətdə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, nizamlanmaya dair ölkəmizin mövqeyi barədə məlumat verib və münaqişənin həllinin regionda davamlı sülh və sabitliyə, əməkdaşlq və inkişafa verəcəyi töhfələrdən bəhs edib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın aparılması, bu istiqamətdə yüksək səviyyəli ikitərəfli səfərlərin təşkili, hüquq-müqavilə bazasının inkişaf etdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər həmçinin, regional və beynəlxalq məsələlər, xüsusilə də Azərbaycanın qlobal enerji təhlükəsizliyində, regional əməkdaşlıq və inteqrasiyadakı rolu barədə geniş fikir mübadiləsi aparıb.

Görüşün sonunda xarici işlər nazirləri Elmar Məmmədyarov və Luis Almaqro "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair Saziş"i və "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Uruqvay Şərq Respublikasının Artiqas Xarici Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i imzalayıb.

Görüşün ardınca nazirlər paytaxt Montevideonun Santos Sarayında təşkil olunmuş Uruqvay-Azərbaycan biznes forumunda iştirak ediblər.

Biznes forumda çıxış edən nazirlər iki ölkə arasında iqtisadi sahədə geniş əməkdaşlıq potensialının mövcudluğunu qeyd edib və bu forumun ölkələr arasında enerji, kənd təsərrüfatı, aqobiznes, əczaçılıq, informasiya texnologiyaları sahələrində mümkün sərmayə və ticarət imkanlarının müzakirəsi üçün əhəmiyyətdən söz açıblar.

Biznes forum çərçivəsində əvvəlcə Azərbaycan və Uruqvay tərəfdən olan ekspertlər tərəfindən ölkələrin iqtisadi vəziyyəti, biznes və sərmayə mühiti, potensial əməkdaşlıq perspektivləri barədə təqdimatlar edilib, ardınca isə hər iki ölkədən olan şirkət nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astori ilə görüşüb.

Görüşdə Azərbaycanın inkişaf perspektivləri, xarici siyasət prioritetləri, regional və beynəlxalq siyasətdə tutduğu yer, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, habelə Azərbaycan-Uruqvay münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, xüsusilə də iqtisadi sahədə mövcud geniş əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Məmmədyarov parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirib və hər iki ölkənin parlamentdə dostluq qruplarının yaradılmasının, habelə qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra nazir Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının Sədri Xorxe Orriko ilə görüşüb. Görüşdə Uruqvay parlamentində Azərbaycanla yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak ediblər.

Nümayəndələr Palatasının sədri Uruqvay parlamentinə Azərbaycandan ilk dəfə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsindən məmnun olduğunu bildirib və iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edib.

Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafı, xüsusilə də xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın önəmini xüsusi qeyd edib və Uruqvay parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasıni ikitərəfli münasibətlərdə tarixi hadisə kimi qiymətləndirib.

Görüşdə ötən il bir qrup uruqvaylı deputatın Azərbaycana səfərinin önəmi və bu kimi səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Uruqvay Şərq Respublikasının parlamentində Uruqvay-Azərbaycan dostluq qrupunun yaradılması ilə bağlı akt imzalanıb. Aktı Uruqvay tərəfdən Nümayəndələr Palatasının sədri Orriko, Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr daimi komissiyasının sədri Xaime Trobo və Senatın beynəlxalq əlaqələr daimi komissiyası adından senator Karlos Baraiber, Azərbaycan tərəfdən isə nazir Elmar Məmmədyarov və Səfir Məmməd Əhmədzadə imzalayıb.

Uruqvay Parlamentinin üzvləri deputatlar Felipe Karbalyo, Xose Karlos Mahia, Raul Olivera, Hayme Trobo, Xose Karlos Kardoso, Mario Silvera, German Kardoso, İvan Posada və senator Tabare Vieradan ibarət bu dostluq qrupunun məqsədi Azərbaycan və Uruqvay arasında bütün sahələrdə əməkdaşlığın təşviq edilməsidir.

Xəbər lenti

Xəbər lenti