...

Mixail Saakaşvili: Müasir Gürcüstanda Şimali Qafqazdan silahlı hücumlara yer yoxdur

Siyasət Materials 30 Avqust 2012 18:06 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Lapankuri kəndinə baş çəkib və yerli sakinlərlə görüşüb.
Mixail Saakaşvili: Müasir Gürcüstanda Şimali Qafqazdan silahlı hücumlara yer yoxdur

Gürcüstan, Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Lapankuri kəndinə baş çəkib və yerli sakinlərlə görüşüb. Trend-in məlumatına görə, o, yerli sakinlərə aparılan xüsusi əməliyyatın əhəmiyyətini izah edib və bəyan edib ki, müasir Gürcüstanda Şimali Qafqazdan silahlı hücumlara yer yoxdur.

"Fikrimcə, hamı əmin oldu ki, heç kəs Basayevin Pankisiyə basqınını və Şimali Qafqazdan 17, 18 və 19-cu əsrlərdə Kaxetiyə silahlı hücumları təkrarlaya bilməz. Bu dağların arxasında olan qardaşlarımız söhbət və ticarət üçün bura dinc şəkildə gələ bilərlər. Biz onları stol arxasında böyük məmnuniyyətlə qəbul edə bilərik. Lakin burada silahla dolaşmaq, girov götürmək və istədiyini etmək kimi hərəkətlərin kimin maraqlarına daxil olduğu hamıya yaxşı məlumdur. Düşünürəm ki, Kaxeti əhalisi Gürcüstanda insanların müdafiə olunduğuna əmin oldu. Əməliyyat çətin olub, bura çox mürəkkəb dərədir. Vətəndaşlarımıza əl qaldıranlar bağışlanmayacaq", - Saakaşvili qeyd edib.

Prezident, həmçinin girovluqdan azad edilən beş gənclə görüşüb.

Saakaşvili qaz çəkmək və yolu təmir etmək barədə onlara söz verib.

Qeyd edək ki, Gürcüstan DİN çərşənbə günü gecə Lopota dərəsində Dağıstanla sərhəd yaxınlığında aşkar edilən təxribat qrupunun neytrallaşdırılması və onların girov götürdükləri adamların azad edilməsi üzrə əməliyyat aparıb. Nazirliyin məlumatına görə, Rusiyadan Gürcüstana bir qrup təxribatçı keçib. Onlar yerli sakinlərdən üç qrup girov götürüblər. Hər qrupda 2-3 nəfər girov olub. Hazırda girovların hamısı azad edilib, 11 yaraqlı məhv edilib, altı nəfəri mühasirəyə alınıb və onların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Xəbər lenti

Xəbər lenti