Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.Mehdiyev/
Prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırmaq istəyirəm. Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir. Trend-in məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Səfərovun valideynlərinə və yaxınlarına təbriklərini çatdıran YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq, çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində bir oxşarlıq var.
"Həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi ki, azadlıqdan mərhum olmuşdu. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də hörmətli Prezident və Ali Baş Komandan İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də, inanıram ki, elə bu cür aradan qaldırılacaq", - YAP rəsmisi bildirib.
Əhmədovun sözlərinə görə, əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir.
"Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır. Dünya tarixində Azərbaycanın hansı bir dövlətə qarşı təcavüzü, haqsızlığı, başqalarının torpaqlarına göz dikməsi faktı qeydə alınmayıb. Azərbaycanın haqqı var ki, digərlərindən də eyni münasibəti gözləsin və sevindirici haldır ki, Macarıstan tərəfi bütün bunları qiymətləndirə bildi", - Əli Əhmədov bildirib.
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "ağıl olan yerdə gücə elə bir ehtiyac qalmır" kəlamını iqtibas gətirən YAP-ın sədr müavini Əhmədov Ramil Səfərovun azadlığa buraxılmasını məhz bu ağlın, müdrikliyin nəticəsi kimi qiymətləndirib: "Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliyinin nəticəsidir".
Əhmədov qeyd edib ki, əlbəttə, Azərbaycanın indi gücü də var və Qarabağı 20 ildən çox işğal altında saxlayanlar bunu gözəl dərk edirlər.
"Həm ağıl var, həm də güc. Belə olanda ürəkdən demək istəyirəm: haydı irəli, Azərbaycan! Bayrağın uca olsun!" - o qeyd edib.