...

Azərbaycan Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 6 Sentyabr 2012 00:07 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Prezident İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsi və strukturu, həmçinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydaları təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 120 ştat vahidi müəyyən edilib.

Fərmana əsasən, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilməlidir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı: doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi; notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna və Milli Arxiv İdarəsinə tapşırılıb ki, bu Fərmanda göstərilən xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər; mərkəzlərdə xidmət göstərəcək əməkdaşlarının təyinatı zamanı onların nəzakətli, məsuliyyətli, peşəkar olmaları, ünsiyyət qurmaq və izah etmək bacarıqları nəzərə alınsın.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində xidmət göstərəcək dövlət orqanlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədi ilə həmin mərkəzləri rabitə kanalları ilə təmin etmək tapşırılıb. Maliyyə Nazirliyinə bu tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki, bu Fərmanın icrasına nəzarəti həyata keçirsin; "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizinin həmin mərkəzlərin saxlanılması, mərkəzlərdə fəaliyyət göstərən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ayrılması barədə müvafiq təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bu Fərmanda qeyd edilən icra hakimiyyəti orqanları tərəfindən "ASAN xidmət" mərkəzlərində xidmət göstərilməsi üçün həmin orqanlara əlavə ştat vahidlərinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların "ASAN xidmət" mərkəzlərində quraşdırılacaq xüsusi terminallar vasitəsilə real vaxt rejimində əldə edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti