...

Avropa Parlamentinə göndərilən müraciətə imza atan Azərbaycan siyasi partiyalarının son sayı açıqlanıb

Siyasət Materials 19 Sentyabr 2012 13:00 (UTC +04:00)
"Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədə etiraz edərək Avropa Parlamentinə ünvanlanmış müraciətə imza atan Azərbaycanın iqtidar və müxalifətdən olan siyasi partiyalarının sayı 18-dir.
Avropa Parlamentinə göndərilən müraciətə imza atan Azərbaycan siyasi partiyalarının son sayı açıqlanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Mehdiyev/

"Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi" adlı sənədə etiraz edərək Avropa Parlamentinə ünvanlanmış müraciətə imza atan Azərbaycanın iqtidar və müxalifətdən olan siyasi partiyalarının sayı 18-dir. Bu barədə çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

"Müraciəti həm Azərbaycan Milli Məclisində təmsil olunan, hə də parlamentdə təmsil olunmayan siyasi partiyalar imzalayıblar. Parlamentdə təmsil olunan siyasi partiyalardan yalnız Ümid Partiyası burada iştirak etməyib. Müraciəti Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Liberal, Vətəndaş və İnkişaf, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokratik, o cümlədən Klassik Xalq Cəbhəsi partiyaları və digər imzalayıb", - Qurbanlı bildirib.

Onun sözlərinə görə, sentyabrın 14-də bu sənəd üzərində işlənilərkən Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı və KXCP lideri Mirmahmud Mirəlioğlu ilə də əlaqə saxlanılıb.

"Sabir Rüstəmxanlı Fransada səfərdə idi, orada Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərə qatılıb. Mirəlioğlu da ölkədən kənarda idi və yaxud da onunla əlaqə yaratmaq imkanımız yox idi. Amma onun işçiləri ilə, yəni partiya üzvləri ilə əlaqə yaratmışdıq, o cümlədən Sabir Rüstəmxanlının partiyasından olan Fəzail İbrahimli ilə də əlaqə yaratdıq. Amma bir gün sonra həm Sabir Rüstəmxanlı, həm də Mirmahmud Mirəlioğlu ilə birbaşa əlaqə yarada bildik. Məlum olduğu kimi, biz bu sənədi imzalayarkən sənədi açıq saxlamışdıq. Başqa partiyalar da onu imzalaya bilərdilər. Həm Sabir Rüstəmxanlı, həm də Mirmahmud Mirəlioğlu partiya sədrləri olaraq, internetdə bu sənədlə, layihə ilə tanış olduqlarını bildirdilər, sənədlə bağlı fikirlərini səsləndirdilər və sənədə qoşulduqlarını bəyan elədilər", - Qurbanlı qeyd edib.

YAP rəsmisi dünən bu sənədin Avropa Parlamentinə göndərildiyini bildirib.

"Sənəd nəinki Avropa Parlamentinə, eyni zamanda, Azərbaycan əleyhinə qətnaməyə səs vermiş olan hər bir deputata, Avropa Parlamentinin qrup rəhbərlərinə göndərildi. Bundan əvvəl biz bütün partiyalara son variantı onların təklifləri nəzərə alınmaqla göndərdik, razılıqlar alındı. Kim nə təklif etmişdisə, o təklif də bu sənəddə öz əksini tapdı. İngilis dilinə tərcümə olunmuş son variant partiyaların təklifləri ilə, düzəlişləri ilə yekunlaşdırıldı", - Qurbanlı əlavə edib.

YAP rəsmisi bununla bağlı mətbuatda gedən bəzi informasiyaları əsassız sayır.

"Mətbuatda bəzi məlumatlar gedir ki, guya bəzi müxalifət partiyalarının təklifləri nəzərə alınmayıb və s. Amma yüz faiz həm Müsavat Partiyasının, həm AXCP-nin, Ana Vətən Partiyasının, ALP-nin, ümumiyyətlə, hər bir partiyanın təklifi bizim tərəfimizdən qeydə alınıb və sənədə düzəlişlər edilib. Son variant isə hamıya bildirildikdən sonra tərcüməyə verilərək göndərilib. Bu sənədin imzalanması, onun göndərilməsi Azərbaycan cəmiyyətinin ümumilli məsələlərdə ortaq məxrəcə gəlməsinin bariz nümunəsidir. Bu sənəd eyni zamanda, Azərbaycanın daxilində hansısa bir formada təxribatlar törətmək istəyən xarici qüvvələrə mesajdır. Müxtəlif variantlarla Azərbaycanda siyasi qüvvələr arasında milli maraqlara zidd əməllər törətmək istəyənlərə tutarlı cavabdır. Bu, bir daha göstərdi ki, biz milli maraqlarda bir yerdəyik", - Qurbanlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti