...

YAP-ın sədr müavini: Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib

Siyasət Materials 28 Sentyabr 2012 16:03 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir.
YAP-ın sədr müavini: Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına bildirib.

Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır.

"Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda, o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir", - YAP-ın sədr müavini bildirib.

Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən YAP funksioneri xüsusi vurğulayıb ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil.

"Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaq. Dələduzların "yardımı" ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır", - Əhmədov bildirib.

O, qeyd edib ki, videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılıb. Hüquq-mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək.

Xəbər lenti

Xəbər lenti