...

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib

Siyasət Materials 29 Sentyabr 2012 19:09 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirmə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yekun sənəd qəbul olunub.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib

Azərbaycan, Bakı, 29 senyabr /Trend /

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirmə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yekun sənəd qəbul olunub.

Sənəddə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənmiş və Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olduğu vurğulanıb.

Münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmalıdır, sənəddə deyilir.

Sənəddə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulmasından və mədəni irsin dağıdılmasından ciddi narahatlıq bildirilib.

İƏT-in üzvü olan ölkələr Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti