...

Əli Həsənov: Azərbaycanda bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək məntiqsizdir

Siyasət Materials 1 Oktyabr 2012 16:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkiliş prokurorluq orqanları tərəfindən araşdırılır. Videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur. Yəni belə bir çəkiliş olub.
Əli Həsənov: Azərbaycanda bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək məntiqsizdir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkiliş prokurorluq orqanları tərəfindən araşdırılır. Videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur. Yəni belə bir çəkiliş olub. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq. Heç kimə güzəşt yoxdur. Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir", - Həsənov bildirib.

PA rəsmisi bildirib ki, bu yoxlamanın axırını gözləmək lazımdır.

"Müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də, bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nə isə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar", - Həsənov əlavə edib.

PA rəsmisi deyib ki, bunun rezonans doğurmağı təbiidir.

"Biz belə də gözləyirdik. Nəzərə alınsa ki, tərəflərdən biri keçmişdə universitet təsisçisi, rektoru, digər tərəf isə millət vəkili, hakim partiyanın üzvü olub. Ancaq təəssüf doğurucu hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, Prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir.

"Çünki bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub. Belə əyri yollarla kimlərinsə vasitəsilə özlərinə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar. Azərbaycan cəmiyyətində keçmişdə də belə hallar olub, bu gün də var, gələcəkdə də olacaq. Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu səhvdir. Hakimiyyət bu hadisədən qətiyyət sarsılmayıb. Keçmişdə də biz Elşad Abdullayev kimi insanların mənsəb qazanmasına imkan verməmişik, bu gün də vermirik, gələcəkdə də verməyəcəyik", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti