...

Siyavuş Novruzov: Müxalifət Gülər Əhmədova ilə bağlı videodan istifadə etməklə Azərbaycanın imicinə zərər gətirir

Siyasət Materials 2 Oktyabr 2012 15:09 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişdən istifadə etməklə ölkənin imicinə zərər gətirir.
Siyavuş Novruzov: Müxalifət Gülər Əhmədova ilə bağlı videodan istifadə etməklə Azərbaycanın imicinə zərər gətirir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişdən istifadə etməklə ölkənin imicinə zərər gətirir.

"Müxalifət bu hadisəni ayrı-ayrı strukturlara yayır, xarici dillərə tərcümə edib göndərir və bununla da ölkənin, dövlətçiliyin imicinə xələl gətirməyə çalışır. Yəni bunlar üçün vətən, dövlət, xalq, millət anlayışı yoxdur. Bunlar üçün şəxsi maraqlar var və şəxsi maraqların həyata keçməsi üçün bunlar hər şeydən istifadə etməkdə maraqlıdırlar", - bunu Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, təbii ki, müxalifət bundan öz xeyrinə istifadə etməyə çalışır. Novruzov qeyd edib ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və lazımi hüquqi qiymətini alacaq.

"Ona görə də bu cür məsələlərdən istifadə etməyin heç bir əhəmiyyəti yoxdur. Konkret olaraq Azərbaycan cəmiyyətinə də bəllidir ki, hansı hadisələr baş verib. Hər bir hadisə baş verə bilər və heç kəs başqasına cavabdehlik daşıya bilməz", - millət vəkili vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti