...

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı keçirilib (FOTO)

Siyasət Materials 16 Oktyabr 2012 20:40 (UTC +04:00)
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edib. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilib.
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edib. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilib.

Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunublar. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın paytaxtı Bakı İƏT-in XII zirvə toplantısına hərtərəfli hazırlaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emomoli Rəhmonu, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaini, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini qarşıladı.

Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri rəsmi foto çəkdirdilər.

Azərbaycanın dövlət himni səsləndi.

Tədbiri açan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan İƏT-in XII zirvə görüşünün dünyanın nadir memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi.

İƏT-də sədrliyi dövründə Türkiyənin atdığı konkret addımlardan danışdıqdan sonra Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyədən Azərbaycana keçdiyini elan etdi.

Türkiyə hökumətinin başçısı ölkəmizin sədrliyi dövründə təşkilatın fəaliyyətinin daha da genişlənəcəyinə və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına yeni töhfələrin veriləcəyinə əminliyini bildirdi.

Sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan İƏT-in XII zirvə toplantısında sədrliyi Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

İƏT-in XII zirvə toplantısının sədri seçildiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, təşkilatda sədrliyi dövrdə Azərbaycan üzv ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün əlindən gələni əsirgəməyəcək.

Son iki ildə Türkiyənin İƏT-də uğurlu sədrliyinə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti vurğuladı ki, bu zirvə toplantısı İƏT-in tarixi ilə bağlı əlamətdar hadisəyə təsadüf edir. Çünki 1992-ci ildə İƏT-ə yeddi yeni üzv, o cümlədən Azərbaycan da daxil olub. Azərbaycanın İƏT-in fəaliyyətinə böyük önəm verdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, təşkilatın üzvü olan ölkələri ortaq tarix, siyasi və iqtisadi maraqlar birləşdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. Münaqişənin ölkə iqtisadiyyatına vurduğu ziyana baxmayaraq, Azərbaycanın hərtərəfli inkişafı barədə məlumat verən dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün səylərindən danışdı.

Prezident İlham Əliyev dedi ki, iki il əvvəl İƏT-in İstanbul zirvə toplantısında Azərbaycan İƏT Bankının səhmdarı olacağını bildirmişdi. Hazırda ölkəmiz İƏT Bankının səhmdarlarından biridir.

Azərbaycanın xaricdə böyük sərmayələr qoyduğunu deyən dövlətimizin başçısı ölkəmizin region üçün mühüm infrastruktur layihələri həyata keçirdiyini bildirdi. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İƏT-in üzvü olan ölkələrin də bu layihədən yararlanacağını bildirdi.

"İƏT dünya miqyasında öz yerini tutmuşdur", - deyən Azərbaycan Prezidenti növbəti mərhələlərdə konkret layihələrin həyata keçirilməsi ilə təşkilatın daha da güclənəcəyinə əminliyini bildirdi. Azərbaycanın dövlətinin başçısı İƏT-in Bakı zirvə toplantısına və bütövlükdə təşkilata fəaliyyətində uğurlar arzuladı.

Sonra çıxış edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai zirvə toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.

Bu günədək İƏT-in uğurlu fəaliyyət göstərdiyini və bundan sonra da yeni nailiyyətlərə imza atılacağını vurğulayan Əfqanıstan Prezidenti ölkəsində həyata keçirilən layihələr və cərəyan edən proseslər haqqında məlumat verdi. Prezident Həmid Kərzai qeyd etdi ki, bir çox ölkələr terrordan əziyyət çəkir. Bunlardan biri də Əfqanıstandır. Əfqanıstan ilə yanaşı regionun digər ölkələri də terrordan əziyyət çəkirlər. Əfqanıstan Prezidenti bütün bunların qarşısının alınması üçün səylərin birləşdirilməsini təklif etdi.

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad İƏT-in üzü olan ölkələrin yerləşdiyi regionda yaşanan problemlərin həllində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğuladı. Bu ölkələrdə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və yeni layihələrin həyata keçirilməsində zirvə toplantısının əhəmiyyətindən danışan İran Prezidenti bu baxımdan Bakı görüşünün də mühüm hadisə olduğunu vurğuladı. Prezident Mahmud Əhmədinejad bildirdi ki, bu zirvə toplantısı İƏT-in üzvü olan ölkələrin iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə yeni töhfələr verəcək.

İƏT-də sədrliyi dövründə Türkiyənin fəaliyyətini yüksək qiymətləndirən İran Prezidenti Azərbaycanın sədrliyi ilə təşkilatın daha böyük uğurlara imza atacağına əminliyini ifadə etdi.

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirdi. Pakistan Prezidenti qeyd etdi ki, ötən İstanbul zirvə toplantısından sonra İƏT-in üzvü olan ölkələr arasında əlaqələr daha da dərinləşib. Əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə etmiş və üzv ölkələr arasında sərmayə yatırımları artıb.

Digər regional təşkilatlar ilə əlaqələrin qurulmasının və birgə işləməyin vacibliyinə də toxunan Prezident Asif Əli Zərdari özəl sektorun inkişaf etdirilməsinin və İƏT-in üzvü olan ölkələrin qarşılıqlı investisiya yatırımlarının çoxaldılmasının əhəmiyyətini vurğuladı.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon regionda iqtisadi əməkdaşlığın genişləndirilməsində İƏT-in rolundan danışdı. Həm ərazi, həm də əhali baxımından təşkilatın əhatə etdiyi regionda iqtisadi və ticari əməkdaşlıq sahəsində böyük potensialın olduğunu vurğulayan Tacikistan Prezidenti ölkəsinin İƏT çərçivəsində bu potensialdan səmərəli istifadə edilməsinə xüsusi önəm verdiyini qeyd etdi. Tacikistan dövlətinin başçısı təşkilata sədrliyi dövrdə Azərbaycana və Prezident İlham Əliyevə uğurlar arzuladı.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin İƏT-də sədrlik etdiyi dövrdə təşkilatın fəaliyyətini gücləndirmək üçün göstərdiyi səylərdən danışdı. Türkiyə hökumətinin başçısı dedi ki, Azərbaycanın İƏT-ə baxışı geniş perspektivlər əsasında qurulmuş və daha ümidvericidir. Baş nazir İƏT-in üzvü olan ölkələrin iqtisadi göstəricilərinin ticarət potensialını əks etdirmədiyini dedi. Türkiyə hökumətinin başçısı bunun üçün ticarət qaydalarının sadələşdirilməsini təklif etdi.

İƏT-in Ticarət və İnkişaf Bankının təşkilatın layihələrinə önəmli kömək göstərəcəyini deyən Türkiyənin Baş naziri bütün üzv ölkələri bu banka ortaq olmağa çağırdı.

Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov ölkəsinin qarşılıqlı maraqlar çərçivəsində regional əməkdaşlığa verdiyi önəmdən danışdı. Senatın sədri bildirdi ki, Bakı zirvə toplantısı bu əməkdaşlığı daha da genişləndirməyin yollarını müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İlqizar Sabirov nəqliyyat infrastrukturunun perspektivləri, ekoloji problemlər və digər məsələlər ilə bağlı müzakirələrin İƏT-in gələcək fəaliyyətini genişləndirmək baxımından önəmini qeyd etdi.

Zirvə toplantısında çıxış edən Türkmənistan Respublikası Baş nazirinin müavini Annaməhəmməd Qoçiyev, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Jumaqaliyev, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Səudiyyə Ərəbistanının ticarət naziri Tofiq Arabiyyə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akınçı İƏT-in yüksək səviyyədə təşkil olunmuş XII zirvə toplantısının üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrinin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini bildirdilər.

Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Nazirlər Şurasının oktyabrın 15-də Bakıda keçirilmiş 20-ci iclasının hesabatı barədə iştirakçılara məlumat verdi.

Təşkilatın baş katibi Şamil Ələsgərov isə çıxış edərək İƏT-in sonuncu zirvə toplantısından ötən dövr ərzində görülmüş işlər barədə danışdı. Baş katib İƏT-in qarşıya qoyduğu məqsədlərə çatacağını və səslənən bütün səmərəli təkliflərin nəzərə alınacağını qeyd etdi.

Fasilədən sonra zirvə toplantısı işini davam etdirdi.

Toplantıya sədrlik edən Prezident İlham Əliyev İƏT-in XIII zirvə görüşünün Pakistanda keçiriləcəyi barədə qərarın qəbul edildiyini diqqətə çatdırdı.

Bakı bəyannaməsi qəbul olunduqdan sonra üzv ölkələrin müxtəlif sahələrdə fərqlənmiş nümayəndələrinə İƏT-in mükafatları təqdim olundu. Mükafatları Azərbaycan Prezidenti təqdim etdi.

Zirvə toplantısının yekununda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, İƏT-in üzvü olan ölkələrin inkişaf perspektivləri genişdir. İƏT-in əsas fəaliyyətinin iqtisadiyyat ilə bağlı olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, təşkilatın fəaliyyəti geosiyasət ilə də sıx bağlıdır.

"Təşkilatın əsas məqsədi iqtisadi inkişafı stimullaşdırmaqdır", - deyən Prezident İlham Əliyev bildirdi ki, İƏT-in üzvü olan ölkələrin iqtisadi inkişaf potensialları da güclənir. Bunun zirvə toplantısında regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini deyən Prezident İlham Əliyev İƏT-in üzvü olan ölkələrin Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Təşkilatın öz maraqlarının olduğunu xatırladan Prezident İlham Əliyev vurğualdı ki, İƏT-in üzvü olan ölkələr həm də ümummilli maraqların qorunmasına xüsusi önəm verirlər.

Dövlətimizin başçısı Azərbaycanın İƏT-də sədrliyi dövrdə təşkilatın daha da güclənməsinə töhfə verəcəyini bir daha qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti