...

Mehriban xanım Əliyeva Reymsdə Azərbaycanla bağlı sərginin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2012 12:22 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir. Azərbaycanın mədəniyyətinin təbliği məqsədilə Fransanın regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanıb. İlk belə tədbir oktyabrın 19-da Reymsdə baş tutub.
Mehriban xanım Əliyeva Reymsdə Azərbaycanla bağlı sərginin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir. Azərbaycanın mədəniyyətinin təbliği məqsədilə Fransanın regionlarında mədəniyyət tədbirlərinin keçirilməsinə başlanıb. İlk belə tədbir oktyabrın 19-da Reymsdə baş tutub.

AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bununla bağlı tədbirlərdə iştirak edib.

Reyms Fransanın ən qədim şəhərlərindən biridir. Memarlıq quruluşu ilə daha çox diqqəti çəkən bu şəhərdə bir çox tarixi hadisələr baş verib. Məhz bu səbəbdən 300 min əhalisi və Şampan-Arden regionunun ən böyük şəhəri olan Reymsi Fransa tarixinin beşiyi də adlandırırlar. Ona görə də Azərbaycan mədəniyyətinin təbliği baxımından Fransa regionları arasında ilk olaraq Reymsin seçilməsi heç də təsadüfi deyil. Bununla əlaqədar olaraq əvvəlcədən şəhərin müxtəlif küçələrində, ictimai nəqliyyat vasitələrinin üzərində tədbirlərlə bağlı elanların, afişaların vurulması bütövlükdə ölkəmizə olan marağı daha da artırmışdı.

Oktyabrın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Reyms şəhərinin meri xanım Adelin Hazan ilə görüşü olub.

Mehriban xanım Əliyeva Reymsdə Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərinin keçirilməsinə verdiyi dəstəyə görə şəhər merinə təşəkkürünü bildirib, bu cür tədbirlərin gələcəkdə Fransanın bir çox şəhərlərində baş tutacağını diqqətə çatdırıb.

Adelin Hazan da Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlərin maraqla qarşılandığını vurğulayıb, budəfəki sərgi və konsertin də yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu qeyd edib.

Mehriban xanım Əliyeva meriyanın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirib.

Reymsə səfəri çərçivəsində Azərbaycanın birinci xanımı şəhərin tarixi məkanları ilə tanış olub. Əvvəlcə Reyms Katedralına gələn Mehriban xanım Əliyevaya məlumat verilib ki, Fransa memarlığının şah əsərlərindən olan bu kilsənin ötən il 800 illik yubileyi qeyd edilib. V əsrdə təməli qoyulan kilsənin ərazisi lX-X əsrlərdə genişləndirilib. Müharibələr vaxtı dağıdılan kilsə 1481-ci ildə bərpa olunub və hazırkı vəziyyətinə gətirilib. Birinci Dünya müharibəsi illərində yenidən böyük zərər görən kilsə memar Anri Denonun layihəsi əsasında bərpa olunduqdan sonra 1938-ci ildə istifadəyə verilib. Reyims Katedralının tarixi əhəmiyyətini artıran mühüm faktlardan biri də 1962-ci ildə Almaniya ilə Fransa arasında barışıq müqaviləsinin kansler Adenauer və Prezident Şarl de Qoll tərəfindən burada imzalanıb. Digər mühüm məqam isə X-XVlll əsrlər boyu bütün Fransa krallarının tacqoyma mərasimlərinin bu kilsədə təşkil olunması ilə bağlıdır. Nadir memarlıq quruluşu və əzəməti ilə diqqət çəkən kilsə orijinal vitrajları ilə də məşhurdur, elə buna görə də uzun illərdir turistlər buraya böyük maraq göstərir.

Daha sonra Mehriban xanım Əliyeva Reyms Bazilik kilsəsində olub. Bu kilsə də Fransa memarlığının incilərindən hesab olunur. Xl-Xlll əsrlərdə tikilən Bazilik kilsəsi tarixi əhəmiyyətinə görə də diqqəti cəlb edir. Memarlığın müxtəlif kombinasiyalarının yüksək səviyyədə təcəssüm tapdığı bu tarixi abidə də Birinci Dünya müharibəsi illərində böyük dağıntılara məruz qalıb, sonralar yenidən bərpa olunub. Xüsusi akustikası ilə seçilən Bazilik kilsəsi dini mərasimlərin ən çox keçirildiyi yerdir və burada istifadə olunan memarlıq texnologiyaları müasir günümüzdə də aktuallığını itirməyib.

Oktyabrın 19-da Reymsdə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgisinin açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu cür tədbirlərin Reymslə yanaşı, Fransanın daha on şəhərində keçiriləcəyini diqqətə çatdırıb.

"Bu sərgi ölkələrimiz arasındakı dostluğa və qarşılıqlı hörmətə tövhə verəcəkdir", - deyən Mehriban Əliyeva bildirib ki, gənc müstəqil ölkə olan Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə sahibdir və hər zaman Şərq ilə Qərb arasında körpü olan ölkəmiz müsəlman aləmində mütərəqqi nailiyyətlərə imza atıb. Bu sırada 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, qızlar üçün məktəbin açılması, opera və baletin yazılması kimi mühüm hadisələr var.

"Azərbaycan-Fransa əməkdaşlığı təqdirəlayiqdir. Biz Azərbaycanın mədəni zənginliyinə böyük ehtiram bəsləyirik". Bu sözləri isə Reyms şəhərinin meri xanım Adelin Hazan deyib. O, Azərbaycan ilə Reyms arasında mədəni və iqtisadi əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Azərbaycan xalçaları buradakı ekspozisiyanın ən qiymətli inciləri sırasında idi. Milli xalçaçılığımızın bütün istiqamətlərinin təmsil olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, misgərlik məmulatlarının, şəbəkələrin, Azərbaycan milli geyimlərinin, milli musiqi alətlərimizin təqdim edildiyi sərgidə Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan və ölkəmizin təbliğinə xidmət edən kitab və bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat toplusu da maraqla qarşılanıb.

Oktyabrın 19-da axşam Reyms Konservatoriyasında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub. Bu konsert ölkəmizin həm milli dəyərlərə, həm də müasir meyillərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirib. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər. Əslində, bu mədəniyyət tədbiri Reymsdə əsl hadisəyə çevrilməklə Azərbaycan mədəniyyətinin Avropa tamaşaçısına bir ərməğanı olub. Janr müxtəlifliyinin, zəngin improvizasiyaların bol olduğu bu konsert proqramı diqqəti bir daha Azərbaycana yönəldib. Bu gecədən təəssüratlar kifayət qədər zəngin olub və özünəməxsus ovqatı ilə seçilən Azərbaycan mədəniyyətinə hörmətin nümunəsinə, həm də Reyms tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə çevrilib.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından ziyafət verilib.

Foto: AzərTAc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti