Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Azərbaycana rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və xanımı Sebiya İzetbeqoviç bu gün İçərişəhərlə tanış olub.
Gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə məlumat verilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının konservasiyası işlərinə başlanılıb.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurub. Gəzinti Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə tanışlıqla davam etdirilib.
Elektromobillə gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və bunlar qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri təndir çörəyinə qonaq edilib.
Gəzinti zamanı qonaq ortа əsr Şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü sахlаmаqdаdır.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da ali qonaqda böyük maraq doğurub.
Daha sonra Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı" ilə tanış olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilib.