...

Azərbaycanın Penitensiar Xidməti Nili Kroesin cəzaçəkmə müəssisəsinə buraxılmaması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 15 Noyabr 2012 13:51 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Avropa Komissiyasının vitse-prezidenti xanım Nili Kroesin rəhbərlik etdiyi nümayəndə heyətinin cəzaçəkmə müəssisəsinə daxil olmasına və bir sıra məhkumlarla görüşməsinə icazə verilməməsi ilə bağlı məsələyə münasibət bildirib.
Azərbaycanın Penitensiar Xidməti Nili Kroesin cəzaçəkmə müəssisəsinə buraxılmaması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Avropa Komissiyasının vitse-prezidenti xanım Nili Kroesin rəhbərlik etdiyi nümayəndə heyətinin cəzaçəkmə müəssisəsinə daxil olmasına və bir sıra məhkumlarla görüşməsinə icazə verilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in sorğusuna cavab olaraq PX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov bildirib ki, bu il noyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına və beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq Xarici İşlər Nazirliyinə müraciət etmədən, birbaşa Penitensiar Xidmətə Verbal Nota göndərib. Həmin Notada ölkəmizdə səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti xanım Nili Kroesin rəhbərliyi ilə səkkiz nəfərdən ibarət nümayəndə heyətinə Azərbaycan vətəndaşı olan məhkumlarla görüşə icazə verilməsi xahiş olunub.

Sadıxov bildirib ki, nümayəndə heyəti sorğu ilə bağlı cavab almadan, noyabrın 8-də penitensiar müəssisəyə gəlib, heç bir aidiyyəti olmadığı halda ölkə rəhbərliyinə istinad edərək xüsusi mühafizə olunan rejimli obyekt - penitensiar müəssisəyə daxil olmağı, məhkumlarla görüşün təşkil olunmasını təkid ediblər.

"Onlara bunun prosedur qaydalara zidd olduğu barədə izahatlar verilib. Bir məsələni də qeyd etmək lazımdır ki, Avropa İttifaqının, habelə Avropa Komissiyasının azadlıqdan məhrumetmə yerlərinə başçəkmə səlahiyyətləri olmadığı halda, bu təşkilatın Azərbaycandakı nümayəndəliyi əvvəllər də bəzi məhkumlarla görüşə icazə verilməsi ilə bağlı dəfələrlərlə Ədliyyə Nazirliyinə, onun Penitensiar Xidmətinə müraciətlər etmişdir. Əksər hallarda, bu müraciətlər müsbət cavablandırılmış və bundan sonra nümayəndəliyin əməkdaşları Bakıda akkreditə olunan bir sıra səfirliklərin işçiləri ilə birlikdə penitensiar müəssisələrə baş çəkib, məhkumlarla görüşmüşlər", - qurum sözçüsü deyib.

Şöbə rəisinin sözlərinə görə, beynəlxalq təşkilatlar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ölkəmizin penitensiar müəssisələrinə baş çəkmək və Azərbaycan vətəndaşları olan bəzi məhkumlarla görüşmək üçün müraciətlər edirlər.

Milli qanunvericiliyə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, penitensiar müəssisələrə baş çəkmək, orada istənilən həbs edilmiş şəxs və ya məhkumla görüşmək hüququna İşgəncələrə qarşı Avropa Komitəsinin (CPT) üzvləri, İnsan Hüquqları üzrə Avropa komissarı, habelə 2000-ci ildə bağlanmış sazişə əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri malikdirlər. Digər beynəlxalq təşkilatların belə səlahiyyətləri yoxdur.

Sadıxovun sözlərinə görə, qeyd olunanlara baxmayaraq, şəffaflığın təmin edilməsi məqsədi ilə daxil olmuş müraciətlərə böyük diqqətlə yanaşılır.

"Tədbirin təşkili ilə bağlı qərarın qəbul edilməsi müəyyən vaxt tələb edir. İlk növbədə, başçəkmənin məqsədi, onun baş çəkilən şəxslərə necə təsir göstərəcəyi araşdırılır. Penitensiar müəssisələrin xüsusi rejimli müəssisə olduğu nəzərə alınmaqla, hazırlıq işləri görülür, yəni həbs edilmiş şəxsin və ya məhkumun rəyi öyrənilir, onun razılığı alınır. Eyni zamanda, müəssisədə başçəkmə həyata keçirəcək şəxslərin təhlükəsizliyi məqsədi ilə tədbirlər görülür və tədbirin vaxtı müəyyənləşdirilir. Bu barədə müraciət etmiş təşkilata rəsmi məlumat verilir və başçəkmə həyata keçirilir. Əgər başçəkmədən imtina edilərsə, müraciət edən təşkilatlara səbəblər açıqlanmaqla, müvafiq izahlar verilir", - o deyib.

Şöbə rəisi qeyd edib ki, Ədliyyə Nazirliyi, onun Penitensiar Xidməti qeyd olunan başçəkmələrə, görüşlərə müsbət yanaşır, onların qanun çərçivəsində, müvafiq prosedurlara riayət edilməklə həyata keçirilməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti