Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan və Serbiyanın siyasi partiyaları ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasında Serbiya Baş nazirinin müavini, Sosial Demokrat Partiyasının (SDP) sədri Rasim Lyayiçlə görüş keçirilib.
Görüşdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyalar və ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək. O, iki ölkə arasında iqtisadi və digər əlaqələrin daha geniş inkişafı üçün imkanlar olduğunu deyib.
Əhmədov, həmçinin SDP ilə YAP arasında səmərəli əlaqələrin olduğunu deyib.
SDP sədri Rasim Lyayiç bildirib ki, iki partiya arasındakı əlaqələr ölkələrin əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.
Son 3 ildə iki ölkə arasında müxtəlif sahələrdə 21 sazişin imzalandığını deyən Lyayiç, növbəti ilin fevralında Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalacağını qeyd edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında əməkdaşlığın zirvə nöqtəsi olacaq.
Baş nazirin müavini Dağlıq Qarabağ probleminə toxunarkən Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.