...

Əliməmməd Nuriyev: Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi absurddur

Siyasət Materials 29 Dekabr 2012 15:11 (UTC +04:00)
Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi absurddur.
Əliməmməd Nuriyev: Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi absurddur

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi absurddur. Bunu ABŞ Dövlət Departamentinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil etməsini şərh edərkən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Trend-ə deyib.

"Azərbaycan hansı kriteriyalara görə riskli ölkələr sırasına salınıb? Nəzərə alaq ki, Azərbaycanı Sudan, Əfqanıstan kimi ölkələr ilə eyni səviyyədə tutmaq da absurd bir seydir. İkincisi, riskli o ölkələr sayılır ki, orada qaynar nöqtələr var, mütəşəkkil cinayətkarlığın səviyyəsi yüksəkdir və baş verən cinayətlərin sayı çox sürətlə artır, üçüncüsü, siyasi qeyri-sabitlik mövcuddur", - Nuriyev bildirib.

Onun sözlərinə görə, göründüyü kimi, sadalanan bu kriteriyaların heç biri Azərbaycanda mövcud deyil.

"Azərbaycan qaynar nöqtə kimi qəbul edilə bilməz. Azərbaycanda mütəşəkkil cinayətkarlıqdan danışmaq gülünc olar. Çünki Azərbaycanda hər il MDB ölkələri sırasında baş verən cinayətlərin sayına görə ən axırıncı yeri tutur. Azərbaycanda cinayətlərin açılma faizi isə 90 faizdən yuxarıdır", - Nuriyev deyib və qeyd edib ki, ABŞ-da cinayətlərin açılma səviyyəsi heç bu qədər deyil.

O, bildirib ki, Azərbaycanda son 10 ildə hər hansı terror hadisəsi baş verməyib.

"Ancaq yüksək inkişaf etmiş ölkələrə baxın, orada mütəşəkkil cinayətkarlığın səviyyəsi yüksəkdir, terror baş verir. ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisini güllələdi. Norveçdə Breyvik adlı şəxsin 77 günahsız insanı qətlə yetirməsi nə tez unuduldu?", - Nuriyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti