Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətləri Strasburqda qurumun yaz sessiyası zamanı görüş keçirəcəklər. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
Onun sözlərinə görə, görüş AŞ PA-da Dağlıq Qarabağ üzrə alt komitənin iclası zamanı baş tutacaq. Fətəliyeva görüş zamanı Ermənistan tərəfinin hər hansı konstruktiv mövqəyə gələcəyinə ümidvar olduğunu bildirib.
O qeyd edib ki, sessiyanın Strasburqda aprel ayının 20-22 tarixlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minyon Azərbaycanın və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirmişdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqlar aparılmasının vacibliyi vurğulanmışdı.