...

Britaniyalı deputat: Xocalıda aeroportun açılması təkcə regiona deyil, həm də Avropaya təhlükə törədir

Siyasət Materials 30 Yanvar 2013 19:37 (UTC +04:00)
ATƏT-in himayəsi altında sülh danışıqlarının aparıldığı bir vaxtda Ermənistan hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində aeroport açmağı planlaşdırır.
Britaniyalı deputat: Xocalıda aeroportun açılması təkcə regiona deyil, həm də Avropaya təhlükə törədir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in himayəsi altında sülh danışıqlarının aparıldığı bir vaxtda Ermənistan hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində aeroport açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputat, parlamentin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Kris Pinçerin nüfuzlu "HuffPost Politics" qəzetinin saytında yerləşdirilən məqaləsində deyilir.

"Ekspertlərin əksəriyyəti güman edirlər ki, bu aeroportun açılması beynəlxalq hüquq normalarını, o cümlədən Çikaqo Konvensiyasının bir sıra müddəalarını, xüsusilə də 1, 2, 5, 6, 10-16, 24 və 68-ci maddələrini pozur. Hüquqi olaraq Xocalı aeroportu Azərbaycanın hava məkanı vasitəsilə sanksiyalaşdırılmamış uçuşlar həyata keçirə bilməz", - Pinçer yazır.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin razılığı olmadan bu yolverilməzdir və istənilən qanun pozuntusu sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər: "BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu məsələdə Azərbaycanı qətiyyətlə dəstəkləyir".

"Lakin bütün hüquqi nəticələri bir tərəfə qoysaq, belə addım beynəlxalq ictimaiyyətin xeyli səylə - danışıqlar və etimad tədbirləri yolu ilə nail olduğu ləng və davamlı tərəqqini yalnız poza bilər. Buna görə də aeroportun açılmasına dair planlarla bağlı beynəlxalq səviyyədə reaksiya mühakimə etmək baxımından birmənalı oldu", - müəllif yazır.

Pinçer yazır ki, sülh danışıqları aparan ATƏT-in Minsk qrupunun həmsədrləri Xocalıda aeroportun açılmasına dair işlərlə bağlı bəyanatlarında bu addımdan çəkinməyə çağırdılar. Onlar qeyd etdilər ki, bu, beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağın indiki statusunun dəyişdirilməsi üzrə hər hansı etirazlar üçün istifadə edilə bilməz.

Deputat qeyd edir ki, Avropa Şurası Parlament Assambleyasının bəyanatında həmçinin deyilib ki, Ermənistanın fəaliyyəti sülh nizamlanması prosesinə zərər yetirə, bununla da regionda gərgin vəziyyəti pisləşdirə bilər.

Müəllif yazır ki, bu yaxınlarda regiona səfər edən Norveçin xarici işlər naziri öz xəbərdarlıqlarında daha açıq olub: "Norveç bu aeorportdan reyslərin həyata keçirilməsini qınayır. Ermənistan təxribat xarakterli fəaliyyətə əl atmamalıdır".

"İcmalar Palatasının Energetika komissiyasının üzvü kimi, xüsusilə hamıya məlum olan Rusiya-Ukrayna "qaz müharibəsi" fonunda Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətini bilirəm. Əgər regionda gərginlik irimiqyaslı münaqişəyə çevrilsə, bunun təsiri həm Qafqazda, həm də bütün Avropada hiss ediləcək. Mürəkkəb iqtisadi əlaqələr dünyasında yaşadığımıza görə bu nəticələr Britaniya sahillərinə toxuna bilər", - Pinçer qeyd edib.

Pinçer yazır ki, lakin Azərbaycanın Ermənistanın planlarına belə ağrılı reaksiya verməsinin digər səbəbi də var.

"Aeroport münaqişə tarixi ərzində qətliamın, ən faciəvi hadisənin baş verdiyi yerdə - Xocalıda yerləşir. 1992-cil fevralın 26-da Xocalı şəhərinin 613 dinc sakini erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib", - Pinçer yazır.

Müəllif qeyd edir ki, heç kəs mülki vətəndaşların sərbəst hərəkətinə görə mübahisə etmir. "Əlbəttə ki, aeroportun təkrar açılması barədə danışmaq hərbi əməliyyatların başa çatmasından sonra mümkün olacaq və o zaman evlərindən qovulan və hazırda köçkün şəxslər üçün düşərgələrdə taqətdən düşən insanlar öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər", - deputat yazır.

Onun sözlərinə görə, BMT TŞ-nin 4 qətnaməsinə baxmayaraq, Ermənistan ərazilərin hərbi işğalını dayandırmaqdan və 100 minlərlə məcburi qaçqının öz vətənlərinə qayıtmasına imkan verməkdən imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti