...

Texas ştatında Azərbaycan-ABŞ Dostluq Günü qeyd olunub

Siyasət Materials 8 Mart 2013 00:32 (UTC +04:00)
Texas ştatında Azərbaycan-ABŞ Dostluq Günü qeyd olunub
Texas ştatında Azərbaycan-ABŞ Dostluq Günü qeyd olunub

Azərbaycan, Bakı, 7 mart /Trend/

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti (Azərbaycan nümayəndə heyətinin tərkibinə, millət vəkilləri Sevinc Fətəliyeva, Sahibə Qafarova, Asim Mollazadə və ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov, həmçinin səfir Elin Süleymanov daxildir) çərşənbə axşamı Texas ştatının paytaxtı Ostin şəhərində ştatın qanunverici və icraedici orqanlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib.

İlk olaraq, Texas ştatının yerli qanunvericilik orqanının hər iki palatasında Azərbaycanla Texas ştatı arasında əlaqələrin hazırkı durumu və qarşılıqlı səfərlərin mübadiləsini dəstəkləyən qətnamə qəbul olunmuşdur. Daha sonra Senatın sədri, eləcə də ştatın vitse-qubernatoru Deyvid Dyuhorst nümayəndə heyətinin şərəfinə rəsmi nahar verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, çoxsaylı konqresmen və senatorların qatıldığı nahar zamanı çıxış edən millət vəkili Səməd Seyidov Azərbaycanın ABŞ-la həm federal, həm də yerli səviyyədə əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin qarşılıqlı faydalı olduğunu bildirmiş, bu səpkidə həyata keçirilən səfər mübadilələrinin münasibətlərin daha dərinləşməsində xüsusi rolu olduğunu qeyd edib.

Öz çıxışında vitse-qubernator D.Dyuhorst son zamanlar Texas ştatı ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xüsusilə enerji sektorunda əlaqələri yüksək qiymətləndirdiyini vurğulamışdır.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov Texas ştatı ilə Azərbaycan arasında münasibətlərin hələ ölkəmizin müstəqilliyinin bərpasından öncə qurulduğunu, bu xüsusda Hyuston şəhəri ilə Bakı şəhəri arasında qardaşlaşma münasibətlərinin gələcək əməkdaşlıq üçün münbit zəmin yaratdığını qeyd etmişdir.

Tədbirin sonunda ştatın Nümayəndələr Palatasının üzvü Mira Kraunover (Myra Crowner) tərəfindən bir zamanlar Konqres binasının üzərində dalğalanmış Texas ştatının bayrağını səfir Süleymanova təqdim etmişdir. Öz növbəsində, diplomat Azərbaycan Respublikasının üçrəngli bayrağını M.Kraunoverə təqdim etmiş və bayrağımızın tarixi barəsində qonaqları məlumatlandırmışdır. Nəsillərdən nəsillərə əmanət olaraq ötürülərək bu günümüzə qədər gəlmiş bayrağımızın etibarlı əllərdə olduğunu qeyd etmişdir.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin şərəfinə Texas ştatının birinci xanımı, qubernator Rik Perrinin xanımı Anita Perri tərəfindən qubernatorun iqamətgahında rəsmi ziyafət verilmişdir. Perri 2008-ci ilin iyun ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusuna həsr olunmuş beynəlxalq Forumda iştirak etdiyini bildirərək, Azərbaycanla bağlı xoş xatirələrini bölüşmüşdür. Anita Perri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşünü xüsusi qeyd edərək, bu görüşdən zəngin təəssüratlarla ayrıldığını bildirmiş və belə bir fürsəti olmasından məmnunluğunu ifadə etmişdir.

Daha sonra çıxış edən qubernator R.Perri ştatın Azərbaycanla ABŞ arasında iqtisadi münasibətlərdə xüsusi yer tutdugunu, bu xüsusda ticarət dövriyyəsinin 25 faizinin Texasın payına düşdüyünü diqqətə çatdırmış və bu faktın məmnunluq doğurduğunu qeyd etmişdir. Qubernator həmçinin Azərbaycanda mütəmadi səfərdə olan Texas nümayəndə heyətinin ölkəmiz haqqında xoş sözlər söylədiyini və onda ümumi təəssüratın formalaşdığını diqqətə çatdırmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Azərbaycanla ABŞ-ın ortaq dəyərlər paylaşdığını və bu səbəbdən strateji müttəfiqlər olduğunu bildirmişlər.

Qeyd edək ki, sözügedən görüşlərdə Azərbaycan və türk icmasının üzvləri, Turkuaz Şurasının nümayəndələri və Hyuston-Bakı Qaradaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova iştirak etdmişdir.

Xəbər lenti

Xəbər lenti