...

Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-də yeni mexanizmlərin tətbiqini vacib sayır

Siyasət Materials 11 Mart 2013 17:57 (UTC +04:00)
ATƏT özü bir təşkilat olaraq öz daxili problemlərini həll etməlidir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Azərbaycan Parlamentinin vitse-spikeri ATƏT-də yeni mexanizmlərin tətbiqini vacib sayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

ATƏT özü bir təşkilat olaraq öz daxili problemlərini həll etməlidir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"ATƏT-in daxili strukturlarında bir-biri ilə ahəngdar iş məsələsində problemlər ortaya çıxır. Belə olduğu təqdirdə isə onların hər hansı digər problemləri həll edəcəyi şübhə doğurur. Bu səbəbdən ATƏT özü bir təşkilat olaraq öz daxili problemlərini həll etməlidir", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, qurumda dövrün yeni çağırışlarına uyğun yeni mexanizmlər tapılmalıdır, dövrün tələblərinə uyğun yeni formatlar müəyyən edilməlidir.

"Ümumiyyətlə, ATƏT-in əsas fəaliyyət istiqamətlərindən biri münaqişələrin baş verməsinin qarşısının alınması, nəticələrinin aradan qaldırılması, sülh missiyasıdır. İslahatlar məhz bu fəaliyyətdə də yeni istiqamətlər, yeni mexanizmlər tapılmasını tələb edir", - o deyib.

Vitse-spiker Dağlıq Qarabağ münaqişəsinin həllini misal gətirərək qeyd edib ki, bu istiqamətdə işin aparıldığı görünsə də, nəticə yoxdur.

"Belə görünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in fəaliyyəti var, bəyanatlar verilir, səfərlər gerçəkləşir, məsləhətləşmələr aparılır. Lakin konkret nəticə yoxdur. Görünür, nəticənin əldə olunması üçün yeni baxışlara ehtiyac var", - Muradova deyib.

Muradova, həmçinin ATƏT çərçivəsində danışıqları davam etdirməklə yanaşı, digər müstəvilərdə də bu məsələyə baxılmasını normal hesab etdiyini deyib.

"Hesab edirik ki, Azərbaycanın bərabərhüquqlu üzvü olduğu digər təşkilatlar da, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurasının fəal şəkildə bu məsələyə cəlb olunması, həmçinin Minsk qrupu ölkələrinin imkanlarından geniş istifadə olunması, digər ölkələrin parlamentlərində bu məsələnin gündəmə gəlməsi məqsədəuyğundur", - vitse-spiker deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti