...

XİN: Azərbaycan Argentina üçün önəmli tərəfdaşdır

Siyasət Materials 27 Mart 2013 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsi və iqamətgahı Bakı şəhərində olmaqla Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın yola salınması münasibətilə Azərbaycanın Buenos-Ayresdəki səfirliyi rəsmi ziyafət təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ziyafətdə Argentinanın müxtəlif nazirliklərinin rəhbər şəxsləri, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvləri olan çoxsaylı senator və deputatlar, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun üzvləri, ölkənin tanınmış alimləri, siyasi analitikləri, ziyalıları, ictimai xadimləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə son illərdə intensivliyi ilə seçilən Azərbaycan-Argentina münasibətlərindən danışıb, Argentinanın Azərbaycanda səfirliyinin təsis edilməsi və ölkəmizə fövqəladə və səlahiyyətli səfir təyin edilməsini əlaqələrimizdə əlamətdar hadisələr kimi qiymətləndirib və bunların iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir növbəti illərdə iki ölkə arasında əlaqələrin daha da dərinləşərək hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyindən əminliyini bildirib, səfir Rivanın rəhbərliyi ilə Argentinanın Bakıdakı diplomatik missiyasına uğurlar arzulayıb.

Argentina hökuməti adından çıxış edən xarici siyasət üzrə dövlət katibinin müavini xanım Maria del Karmen Squeff Azərbaycanın Argentina üçün önəmli tərəfdaş olduğunu deyb, Azərbaycanın Buenos-Ayresdə səfirliyinin təsis edilməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə yaxın təmasların qurulduğu, çoxsaylı səfərlərin həyata keçirildiyi, sazişlərin imzalandığını bildirib.

Ötən il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi vaxtı Azərbaycana səfər etdiyini deyən Argentina nümayəndəsi Azərbaycanı yüksək sosial-iqtisadi inkişaf və müxtəlif din və mədəniyyətlərin sülh içində yaşadığı yüksək tolerantlığı ilə seçilən ölkə kimi xarakterizə edib.

Argentina hökumətinin Azərbaycanda səfirliyini təsis etmək və Bakıya səfir təyin etməklə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bildirən xanım Squeff səfir Rivaya fəaliyyətində müvəffəqiyyətlər diləyib.

Sonra çıxış edən səfir Karlos Dante Riva təşkil edilmiş ziyafətə görə təşəkkürünü bildirib, Argentinanın Azərbaycana ilk rezident səfiri təyin olunmasından şərəf duyduğunu deyib və Azərbaycanda həyata keçirəcəyi fəaliyyət istiqamətləri barədə danışıb.

Habelə, tədbirdə çıxış edən Argentina Mili Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri Roberto Mouilleron son illərdə Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycana 2011 və 2012-ci illərdə həyata keçirilmiş səfərləri barədə danışıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Tədbirdə, həmçinin Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnsititutu nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən dərc edilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" (Que se sobre Azerbaiyan?) kitabının təqdimatı keçirilib.

Son olaraq çıxış edən Buenos-Ayresdəki Belqrano Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Xorxe Marmol Kastro deyib ki, son illərdə Azərbaycana səfər etmiş bir qrup argentinalı siyasi, işgüzar, akademik-intellektual, mədəni və təhsil dairələrinin nümayəndələri Azərbaycana valeh olaraq Azərbaycanın tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsi üçün "Azərbaycanın Argentinalı Dostları Klubu"nu yaratmaq təşəbbüsü irəli sürüblər.

Tədbir iştirakçılarını bu kluba daxil olmağa dəvət edən Xorxe Marmol Kastro klubun Azərbaycanla bağlı müxtəlif seminar, konfrans, sərgi, musiqi gecələri, sosial yığıncaqlar təşkil edəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti