...

Prezident İlham Əliyev bir sıra istehsal zavodlarının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 1 May 2013 17:24 (UTC +04:00)
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev bir sıra istehsal zavodlarının açılışında iştirak edib  (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "AzFP CO LTD" MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak etmişdir.

"AzFP CO LTD" MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlətimizin başçısına məlumat verdi ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaqdır. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülmüşdür.

Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə saldı.

Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunmuşdur. Müəssisənin gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilmişdir. Bütün proses vahid mərkəzdən idarə olunur.

Dövlətimizin başçısı burada istehsal olunan hazır plastik qablara baxdı. Qeyd olundu ki, artıq sifarişlərin qəbuluna da başlanılmışdır.

Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulmuşdur. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sifarişə əsasən istehsal edilən kisələrin üzərində loqolar və reklamlar çap olunur.

Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəldi.

Bildirildi ki, "Milla" brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulmuşdur. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilmişdir. Hazırda zavod yüksək keyfiyyətli "Milla" ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış oldu.

Bildirildi ki, burada ultra-yüksək temperaturda pasterizə edilmiş süd və süd məhsulları qablaşdırılır. "Milla" Azərbaycanda ilk dəfə laktozaya qarşı həssas insanlar üçün laktozasız süd istehsal edir. Zavodda, həmçinin müxtəlif çeşidli meyvəli yoğurt, dondurma, qatıq, xama, ayran, süzmə və qaymaq istehsal olunur. Ölkəmiz üçün daha bir yenilik isə istehlakçılara az yağlılıqlı sağlam qida seçimi verən 1,5 faizlik "Milla" probiotik qatığıdır.

Prezident İlham Əliyev dondurmanın hazırlanması prosesinə də baxdı. Burada məhsul istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator müayinədən keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır.

Dövlətimizin başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış oldu.
Məlumat verildi ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir. Müəssisədə kəsmik, pendir, kərə yağı və müxtəlif çeşidli qatıqlı süd məhsullarının da istehsalı üçün hazırlıq işləri aparılır. Zavodun xammalla təmin edilməsi üçün müəssisənin nəzdində respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq kompleksləri yaradılmışdır.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti