...

Mehriban xanım Əliyeva bir sıra sosial obyektlərin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 3 May 2013 19:20 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir.
Mehriban xanım Əliyeva bir sıra sosial obyektlərin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, "Qayğı" reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən "Zanbaq" uşaq bağçası binasının bazasında yaradılmışdır. Ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağça binasının konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilmiş, binaya 73 kvadratmetrlik tikili əlavə olunmuşdur. Ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa olunmuşdur.

Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulmuşdur. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunmuşdur. Mərkəzin ərazisi yaşıllaşdırılmışdır.

Birinci xanım Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, masaj, həkim otaqlarına baxdı, həyəti gəzdi.

Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Serebral iflic xəstələri üçün nəzərdə tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.

Azərbaycanın birinci xanımı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Mehriban xanım Əliyeva 82 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə tanış oldu, binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, 1963-cü ildə inşa edilən ikimərtəbəli binanın təmiri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq aparılıb. Yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılıb. Bağçada 3-6 yaş arası 95 uşağın təlim-tərbiyəsi ilə ümumilikdə 20 nəfər məşğul olur. Bağçanın bütün otaqları tamamilə yenilənib. Buradakı bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti