...

Prezident İlham Əliyev: Azərbaycan çox fəal xarici siyasət yürüdür (FOTO)

Siyasət Materials 7 May 2013 18:21 (UTC +04:00)
Azərbaycan eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan və 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilən bəzi ölkələrdən biridir.
Prezident İlham Əliyev: Azərbaycan çox fəal xarici siyasət yürüdür (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S.Əliyev/

Azərbaycan eyni vaxtda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan və 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilən bəzi ölkələrdən biridir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.

Dövlət başçısı forumda iştirak etmək üçün Azərbaycana gələnlərə təşəkkürünü bildirib.

"Ümid edirəm ki, bu, ölkə haqqında daha çox öyrənmək baxımından Azərbaycana birinci dəfə gələnlər üçün yaxşı imkan olacaq, digərləri üçün isə köhnə dostlarla görüşmək və əməkdaşlığı davam etdirmək baxımından yaxşı imkan yaradacaq", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı I Cənubi Qafqaz Forumunun keçirilməsini vacib hadisə adlandırıb və təşkilatçılara Azərbaycan paytaxtının regional inkişaf və əməkdaşlığın aktual məsələlərinin müzakirə ediləcəyi məkan qismində seçilməsinə görə təşəkkür edib.

"Azərbaycan nisbətən gənc müstəqil ölkədir, biz yalnız 21 ildir ki, müstəqil dövlət kimi mövcuduq. Azərbaycan böyük tarixi, ənənələri, mədəniyyəti olan ölkədir və bu forumun təşkilatçılarından biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın böyük şairi və filosofunun şərəfinə adlandırılıb", - Prezident İlham Əliyev bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan yeni müstəqil dövlətdir, lakin XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılması nəticəsində ölkə qısa müddətdə müstəqil dövlət olub.

Prezident deyib ki, müsəlman dünyasında ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Bu demokratik respublika 1918-1920-ci illərdə, qısa müddət ərzində olsa belə, müasir müstəqil Azərbaycanın inkişafının əsasını qoyan bir çox islahatlar həyata keçirə bilib. Dövlət başçısı qeyd edib ki, islahatlar sırasında qadınların səs vermək hüququ olub ki, bu da Azərbaycanın inkişafının səviyyəsini göstərir.

"Bundan sonra müstəqil olmadığımız sovet dövrü gəldi. Azərbaycan 70 il ərzində Sovet İttifaqının tərkibində olub. SSRİ-nin dağılmasından sonra ikinci dəfə müstəqil dövlət yaratmaq imkanı yarandı və biz bu imkanı əldən verə bilməzdik", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, müstəqilliyin ilk illəri, yəni 1991-1993-cü illər xalqımızın faciəsi olan vətəndaş müharibəsi fonunda zorakılıq, iqtisadi durğunluq, iqtisadi tənəzzül, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yadda qaldı.

"Hərçənd həmin dövrün çətinliklərinin böyük hissəsini aradan qaldıra bildik və əsasən, ölkəmiz üçün keçid dövrü başa çatdı. Ermənistan və Azərbaycan arasında həll edilməyən münaqişə isə təkcə bizim üçün deyil, regionun inkişafı, regionda sülh və sabitlik üçün də ən böyük təhlükə olaraq qalır", - İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında münaqişənin tezliklə nizamlanmasını və özünün beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsini arzulayır.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu, 20 ildən çox müddətdir işğal altında olan qədim Azərbaycan torpağıdır. Təkcə Dağlıq Qarabağ deyil, həmçinin ətraf yeddi rayon da işğal altındadır", - İlham Əliyev deyib.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq təşkilatlar işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Qəbul edilən sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var, lakin təəssüf ki, həmin qətnamələr yerinə yetirilmir.

"Bu məqamda beynəlxalq təşkilatların və qətnamələrin səmərəliliyi kimi çox vacib mövzuya toxunuruq. 20 ildən artıq müddət keçib, lakin təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilməyib", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan inkişaf etməkdə davam edəcək, siyasi və iqtisadi islahatları davam etdirəcək: "Biz əvvəlkindən daha güclüyük və bu münaqişənin həll yolunu tapacağıq".

Dövlət başçısı bildirib ki, regionda sülh bərqərar olacaq. "Hazırda Cənubi Qafqaz haqqında danışsaq, deyə bilərik ki, Gürcüstan və Azərbaycan arasında əla əməkdaşlıq nümunəmiz, Cənubi Qafqazda digər qonşu ilə isə çox mənfi ünsiyyət təcrübəmiz var", - İlham Əliyev qeyd edib.

Prezident deyib ki, regionun sabit inkişafını təmin etmək üçün Cənubi Qafqaz daha da inteqrasiya olunmalıdır. İlham Əliyev qeyd edib ki, bu, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan əraziləri azad edilmədən mümkün deyil.

Dövlət başçısı bildirib ki, qarşıdakı illər ərzində iqtisadi potensialdan istifadə və inkişaf proqramları, habelə çox fəal xarici siyasətin aparılması sayəsində Azərbaycanın uğurlu inkişafı davam edəcək.

"Bu gün qonaqlarımız arasında görkəmli siyasətçilər, dövlət xadimləri, beynəlxalq münasibətlər sahəsində vacib rol oynayan və oynamaqda davam edəcək insanlar iştirak edirlər. Azərbaycan çox fəal xarici siyasət yürüdür və ola bilsin ki, gözləniləndən xeyli fəaldır", - dövlət başçısı deyib.

İlham Əliyev qeyd edib ki, bu fəaliyyətin nəticəsi Azərbaycanın beynəlxalq təşkilatlarda oynadığı vacib roldur.

İlham Əliyev bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin müstəqilliyinin 20 illiyi ilə üst-üstə düşən əlamətdar hadisə idi. Azərbaycan cəmi 20 il ərzində 155 dövlətin dəstəyini qazana bildi ki, bu da ölkənin dünya arenasında rolunun əksidir.

"Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda üzvlük məsələsinə qayıdaraq, qeyd etmək istərdim ki, bu, təkcə coğrafi format, xarici siyasi fəaliyyətimiz deyil, həmçinin xalqımızın dərin tarixi köklərindən meydana gəlir", - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycan uzun əsrlər boyu müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc şəraitdə yaşadığı torpaq olub.

Etnik, mədəni və dini müxtəlifliyin Azərbaycanın ən vacib dəyərlərindən biri olduğunu deyən İlham Əliyev əlavə edib ki, ölkədə multikulturalizm yüksək qiymətləndirilir.

Prezident qeyd edib ki, Azərbaycanın təcrübəsi multikulturalizmin böyük gələcəyinin olduğunu və bu məsələdə alternativin olmadığını göstərir.

"Multikulturalizmin alternativi özünütəcrid, ayrı-seçkilik, irqçilikdir və biz XXI əsrdə belə tendensiyaların üstün gəlməsinə imkan verə bilmərik, - dövlət başçısı bildirib. - Sivilizasiyaların dialoqu sadəcə yaxşı şüar deyil, bu, bəşəriyyətin inkişafı, geniş beynəlxalq əməkdaşlığın qurulması, qarşılıqlı anlayış və dözümlülüyün səviyyəsinin yüksəldilməsi üçün zəruri şəraitdir".

Prezidentin fikrincə, bu, bəşəriyyətin sülh şəraitində inkişafı üçün əsas şərtlərdir.

"Bu çətinliklərə və Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərə baxmayaraq, biz güclü və müstəqil ölkə yaratmaq şansından istifadə etmək, həmçinin insanlarımızı daha yaxşı yaşayışla təmin etmək niyyətindəyik. Beləliklə, ötən əsrin 90-cı illərinin ortalarından siyasi və iqtisadi islahatlara köklənmişik və bu proseslər davam edir", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan siyasi inkişaf baxımından dəyişir.

"Biz müstəqil olmazdan əvvəl heç vaxt siyasi sistemə malik olmamışıq, lakin hazırda bizim bütün siyasi institutlarımız var. Biz beynəlxalq ictimaiyyətin üzvüyük, siyasi islahatlar həyata keçiririk və cəmiyyətin bundan sonrakı demokratikləşmə prosesi bizim üçün əsas prioritetlərdən biridir", - İlham Əliyev bildirib.

Prezidentin qənaətincə, siyasi və iqtisadi islahatların həyata keçirilməsi sabit inkişafa nail olmaq məqsədi ilə paralel getməlidir. İqtisadi islahatlara toxunan dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu sahədə böyük irəliləyişə nail olub.

"Son 10 ildə Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə artıb ki, bu da dünya rekordudur. Eyni zamanda, ölkə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək, işsizliyin səviyyəsini isə 5 faizədək azalda bilib. Azərbaycanda milyondan artıq iş yeri yaradılıb, ölkə iqtisadiyyatını şaxələndirmək mümkün olub", - dövlət başçısı deyib.

Prezident qeyd edibki, Azərbaycanın iqtisadi nailiyyəti beynəlxalq maliyyə institutlarının diqqətindən kənarda qalmayıb.

"Əsas beynəlxalq maliyyə institutlarının qiymətləndirmələri çox müsbətdir. Dünyada iqtisadi və maliyyə böhranı illərində üç əsas reytinq agentliyi - "Fitch", "Moody's" və "Standard & Poors" Azərbaycanın kredit reytinqini yüksəldib. Davos beynəlxalq forumu Azərbaycanı Qlobal rəqabətə davamlılıq indeksində 46-cı yerə layiq görüb və bu, ölkədə aparılan islahatların əksidir", - Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti