Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prokurorluğu ölkənin keçmiş Baş naziri, hazırda Vahid Milli Hərəkatın (VMH) baş katibi Vano Merabişvilini saxlayıb.
Trend-in məlumatına görə, dindirmədən sonra prokurorluğunun nümayəndəsi bəyan edib ki, Merabişvilinin korrupsiya fəaliyyətinin iki epizodu üzrə iş açılıb.
Ona Gürcüstan Cinayət Məcəlləsinin 164, 182 və 322-ci maddələri üzrə ittiham irəli sürülüb.
İlk epizod 2012-ci ildə keçirilən parlament seçkiləri zamanı Merabişvilinin həmin vaxt əmək, səhiyyə və sosial müdafiə naziri olmuş Zurab Çiaberaşvili ilə birlikdə VMH-nin mindən artıq aktivistini saxta yolla işsizlərin uçotu üzrə işlə təmin etməsi ilə bağlıdır. Həmin aktivistlər yalnız partiyanın təbliğatı ilə məşğul olurdular və buna görə də dövlət büdcəsindən 5,2 milyon lari alırdılar.
İkinci epizod Kvariati kəndində "Beynəlxalq İnvestisya Şirkəti"nə məxsus olan dəbdəbəli bağ evinin Merabişvili tərəfindən mənimsənilməsidir. İstintaq sübut edib ki, Merabişvili 2009-cu ildə hədələyərək güc yolu ilə bu bağ evini ələ keçirib və ondan 2013-cü ilədək istifadə edib.
Merabişvili ilə birlikdə Çiaberaşvili də saxlanılıb.
Prokurorluq, həmçinin bəyan edir ki, 2012-ci il mayın 26-da nümayişin dağıdılması və bankir Sandro Qirqvlianinin ölümü haqqında işin araşdırılması da demək olar başa çatıb.
Bu işlərdə həmin vaxt daxili işlər naziri olmuş Vano Merabişvilinin günahkar olduğu öz təsdiqini tapıb.
Prokurorluq məhkəmədən Merabişvili barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş edir.