Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov/
Azərbaycan sülhməramlıları gələn ilin əvvəlində Əfqanıstandan çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, NATO PA-nın yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı taqımı ilə bağlı məsələ də qaldırılıb.
Əsgərov bildirib ki, NATO PA-da 2014-cü ildə ABŞ-ın, NATO-ya üzv və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: "Suallar doğdu ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən Azərbaycanın 94 nəfərlik taqımının gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq".