Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət, E.Tarıverdiyeva/
Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və ABŞ regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır.
Trend-in məlumatına görə, bunu Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Azərbaycan-ABŞ Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ilin aprelində səfərdə olan ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klintonun dediyi kimi, ABŞ və Azərbaycanın münasibətləri dərindir, vacibdir və uzunmüddətlidir.
Ziyafət Əsgərov qeyd edib ki, hazırda iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur:
"Ötən illər ərzində iki dost ölkə arasında münasibətlərin təhlili göstərir ki, Azərbaycan Respublikası ilə ABŞ arasında olan münasibətlər mahiyyət etibarilə dinamik xarakter daşıyır. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. O zamandan bəri ölkələrimiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bu münasibətlər ümummilli lider Heydər Əliyev və President İlham Əliyevin ABŞ-a etdiyi səfərlər və iki ölkə arasında imzamlanmış 76 dövlətlərarası saziş fonunda daha da möhkəmlənib və strateji xarakter kəsb edib".