Arzu Nağıyev - Trend-in icmalçısı
Müxalifət 28 May - Respublika Günündə Novxanıda Milli Şura elan etməli idi. Lakin bu alınmadı, daha doğrusu, siyasi tarix üçüncü Milli Şuranı qəbul etmədi. Politoloqlar bunun belə iflasla nəticələnəcəyini hələ əvvəlcədən deyirdilər və bu bir daha öz təsdiqini tapdı.
İlk növbədə, Milli Şuranın yaranmamasına səbəb kimi onun qeyri-milli formatlı olması göstərilə bilər. Yəni məlumdur ki, bu şura şimal qonşumuzun siyasi texnoloqlarının əməyinin məhsuludur və millilikdən söhbət gedərsə, onların xoşuna gəlməyəcək. Buna misal kimi, İsveçdən yenicə dönmüş müxaliflərin Avropaya inteqrasiya məsələsini təklif edən kimi Rüstəm İbrahimbəyov və Eldar Namazovun həmin müddəanı qəbul etməməsini göstərmək olar.
Digər tərəfdən, hamı xalqın qınağından qorxur və cavabdehliyi üzərinə götürmür. Hər hansı başqa təklif qəbul edilərsə, qurumun Qərb dairələrinin əlində oyuncağa çevrildiyi bildirilir.
Həddən artıq paradoksal bir vəziyyətin şahidi oluruq. Müxalifət Milli Şura dalğası altında bir neçə bəyanat verməklə hakimiyyətə gələcəyini düşünür, xalq isə, öz növbəsində, onların istər siyasi, istərsə də digər real bir hərəkətinin, aktivliyinin şahidi olmur. Qərargahlarında oturub müxtəlif xarici və yerli KİV-lərə müsahibə verməklə, ildə bir dəfə mitinq olacağı haqqında elanlarla, meriyaya müraciət edib mitinq üçün yer tələb edərək rədd cavabı almaqla siyasət qurulmur və bitmiş sayılmır.
Sanki dəbə düşmüş bir hal kimi cavanları icazəsiz mitinqlərə çıxarıb həbsə atdırmaq, sonra da onları "siyasi dustaq" elan etdirərək qrantlar almaqla da siyasət alınmır.
Müxalifətin bir qanadı isə "mavilər" haqqında diskussiyalar açır, müxtəlif yazıçı və şairlərin keçmişini araşdırmaqla məşğul olur. Belə başa düşürlər ki, bunları gündəmə gətirsələr, onların tərəfdarları artacaq. Əsla belə deyil.
Avropa və dünya siyasətində baş verənlər göstərir ki, belə vəziyyət yarananda "sol"çuların (sosialistlər, kommunistlər, sosial-demokratlar və s.) "ulduzları" parlayır. Maraqlıdır ki, bu gün siyasi arenada onlar da gözə dəymir.
Bundan başqa, "hicab" tələbindən başqa hər hansı bir vacib məsələni ortaya qoymayan, müxtəlif dini təriqət və məzhəblərin təbliğatına qulluq edən islamçı partiyalardan da lazımi addımlar atılmır.
Məhz belə bir vəziyyətdə Milli Şuranın yaradılması alınan məsələ deyil, çünki hər bir yaradılan qurum yaşadığımız cəmiyyətin güzgüsüdür və bu qurumlarda təmsil olunanlar da bizim vətəndaşlardır. Bu vətəndaşların isə konstitusiya ilə təsbit olunmuş hüquqlari, eyni zamanda, seçmək və seçilmək hüquqları.
Son söz isə həmişə millətin, xalqındır.