Azərbaycan, Bakı, 29 may /Trend/
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından bir qrup ABŞ konqesmeninin şərəfinə işçi lanç verildi.
Qonaqları bir daha salamlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu qeyd etdi. Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlətimizin başçısı ölkələrimizin həqiqi və etibarlı dostlar olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
ABŞ senatoru Riçard Luqar yüksək qonaqpərvərliyə və "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda əhatəli çıxışına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından yeni bir təcrübə olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Sonda xatirə şəkli çəkdirildi.