...

Əli Əhmədov: Nəzarətsiz qalan Azərbaycan torpaqlarında narkotik istehsalının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır

Siyasət Materials 13 İyun 2013 12:40 (UTC +04:00)
Nəzarətsiz qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə olunması kimi bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirəcək halın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır.
Əli Əhmədov: Nəzarətsiz qalan Azərbaycan torpaqlarında narkotik istehsalının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Nəzarətsiz qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə olunması kimi bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirəcək halın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.

Əhmədov deyib ki, dəfələrlə, istər Azərbaycanın rəsmi dairələri tərəfindən, istər beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən nəzarətsiz qalan işğal olunmuş Azərbaycan torpaqlarından narkotik istehsalı üçün istifadə olunması ilə bağlı ciddi əsaslara söykənən bəyanatlar səslənirdi:

"Belə faktın ortaya çıxarılması bu günə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha təsdiqləyir".

Onun sözlərinə görə, beynəlxalq təşkilatları düşündürən ən ciddi problemlərdən olan bu məsələ narkotiklərə qarşı mübarizə aparan təşkilatları bununla ciddi məşğul olmağa bir daha sövq edəcək:

"Bu bir daha nəzarətsiz qalan Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, digər tərəfdən nəzarətsiz qalan torpaqlardan bəşəriyyətin, regiondakı insanların sağlamlığına böyük zərbələr vura biləcək narkotik istehsalının qarşısının alınmasını vacib edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti