...

Azərbaycanın millət vəkili "Human Rights Watch"un Avropa Komissiyasının prezidentinə ünvanladığı məktubla bağlı bəyanat verib

Siyasət Materials 20 İyun 2013 16:51 (UTC +04:00)
Milli Məclisin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) prezidenti Elxan Süleymanov "Human Rights Watch" təşkilatının Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozoya ünvanladığı 18 iyun 2013-cü il tarixli məktubla bağlı bəyanat verib.
Azərbaycanın millət vəkili "Human Rights Watch"un Avropa Komissiyasının prezidentinə ünvanladığı məktubla bağlı bəyanat verib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir S.Əhmədova/

Milli Məclisin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) prezidenti Elxan Süleymanov "Human Rights Watch" təşkilatının Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozoya ünvanladığı 18 iyun 2013-cü il tarixli məktubla bağlı bəyanat verib.

AVCİYA-dan Trend-ə daxil olan bəyanatda deyilir ki, son illər "Human Rights Watch", "Amnesty International" və Avropa Sabitlik Təşəbbüsü kimi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanla bağlı vacib hadisələr ərəfəsində qeyri-obyektiv və qərəzli xarakterli müraciətlərin hazırlanması və xüsusi canfəşanlıqla müxtəlif ünvanlara çatdırılması adi hala çevrilib. Bu müraciətlərin əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdan ibarət olub:

"Belə müraciətlərdən biri "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri öncəsi hazırlanıb və 18 iyun 2013-cü il tarixdə Avropa Komissiyasının prezidenti cənab Xose Manuel Barrozoya ünvanlanıb".

Millət vəkili Elxan Süleymanov bəyanatında bildirib ki, "Human Rights Watch" təşkilatının Avropa Komissiyasının prezidentinə ünvanlanmış müraciətində heç bir fakt gətirilmədən Azərbaycanda "siyasi motivlərlə həbs edilənlər"in olduğu, "ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarına dair beynəlxalq öhdəliklərinə zidd olan məhdudlaşdırıcı" qanunvericiliyin qəbul edildiyi iddia edilir. O qeyd edib ki, Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, inkişaf etmiş sivil dünyaya, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. Odur ki, Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir, bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir, daim qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar aparır:

"Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, ölkə vətəndaşlarının etiraz aksiyalarının və nümayişlərinin keçirilməsi ilə bağlı xüsusi yerlərin ayrılması Avropa ölkələrində qəbul edilmiş praktikadır və qanunvericiliyə bu məsələ ilə bağlı müddəaların əlavə edilməsi icitmai asayişin qorunmasına, əhalinin hüquqlarının təmin edilməsinə xidmət edir. Bununla bərabər, sərbəst toplaşma azadlıqlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir və ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir".

Millət vəkili bəyanatında qeyd edib ki, müraciətdə "Human Rights Watch" təşkilatının "Avropa İttifaqı tərəfindən Assosiasiya Sazişi üzrə ilkin şərtlər üçün müəyyən olunmuş insan hüquqları standartları iclasında irəliləyiş əldə etmək istiqamətində Azərbaycanın uğursuzluğ"a düçar olması barədə iddiası açıq-aşkar iftira xarakteri daşıyır. O vurğulayıb ki, qeyd edilənlərin əksinə olaraq, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin bir hissəsi kimi insan hüquqları şərtlərini qəbul etməkdən heç vaxt imtina etməyib:

"Human Rights Watch" isə beynəlxalq qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və dünya ölkələrində insan hüquqlarına dair hesabatlar hazırlayır, bəyanatlar və müraciətlərlə çıxış edir, özünü insan hüquqları və demokratiyanın obyektivliyi ilə seçilən müdafiəçisi kimi təqdim edir. Məntiqi sual meydana çıxır: nə üçün ayrı-ayrı hallarda bu və ya digər şəxsin saxlanılması və ya həbsi ilə bağlı böyük hay-küy yaradan "Human Rights Watch" təşkilatı qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın azərbaycanlı mülki əhalinin 22 ildən artıq bir müddət ərzində kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsi istiqamətində məruzələr hazırlamayıb?".

Millət vəkili bəyanatında qeyd edib ki, "Human Rights Watch" təşkilatı da Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mütəmadi olaraq birtərəfli və qərəzli sənədlər hazırlamaqla faktiki olaraq digər təşkilatlar kimi açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisi kimi çıxış edir:

"Nəhayət, ümid edirəm ki, "Human Rights Watch" təşkilatının bu müraciəti qeyri-obyektiv və qərəzli bir sənəd kimi qiymətləndiriləcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa Komissiyasının prezidenti cənab Xose Manuel Barrozonun Brüssel görüşünün mahiyyətinə və ikitərəfli maraqları əks etdirən işgüzarlığına təsir göstərə bilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti