Azərbaycan, Bakı, 4 iyul /Trend/
İyul ayının 1-dən start götürən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu işini davam etdirir. Bir-birindən fərqli və maraqlı ictimai-siyasi və mədəni layihələrin təqdimatını keçirən YAP-ın gənc fəalları fikir və təcrübə mübadiləsini genişləndirir.
Belə ki, iyulun 3-də "Foundrising - layihələrin yazılması, donor təşkilatlarla işləmə qaydası, büdcənin təhlili" mövzusunda təqdimat keçirilib. Təqdimatda millət vəkili Sevinc Hüseynova, YAP-ın məsul əməkdaşı Rafael Gülməmmədov, partiya fəalları Lamiyə Cəlilova, Zəkiyyə Musayeva, Ramil Vəlibəyov və digərləri layihələrin hazırlanması, onların reallaşdırılması metodikasını, donor təşkilatlarla davamlı əməkdaşlığın yollarını aydınlaşdırıblar.
Sonra gənclərin qrup halında hazırladıqları layihələrin təqdimatı keçirilib. Onların bu sahədəki ilkin təcrübələri ekspert qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Həmin gün gənclər Masallı rayonundakı Heydər Əliyev Muzeyində, yeni inşa olunmuş Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında və Bayraq meydanında olublar.
Eyni zamanda, bir müddət öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun iştirakı ilə açılışı olmuş "Ağsaqqallar Klubu"nda "nəsillərin görüşü" olub.
Rayon ağsaqqalları görüş zamanı bir daha gənclərin vətənpərvər ruhda və sağlam tərbiyə olunması, onların dövlətçiliyə sadiq yetişməsi istiqamətində görülən işlərdən söz açıblar. Gənclər də öz növbəsində hər zaman Vətənə sadiq olacaqlarını və qarşıdan gələn prezident seçkilərində bir daha Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən YAP-ın Sədri, Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.
"Yay məktəbi"nin iştirakçıları daha sonra Masallı Olimpiya-İdman Kompleksində olub. Tanışlıqdan sonra YAP Masallı rayon təşkilatının gənc fəalları ilə futbol üzrə yoldaşlıq görüşü keçirilib. Güclü rəqabət şəraitində keçən oyunda dostluq qalib gəlib (4:4).
Bununla yanaşı, günün sonunda gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə müxtəlif növ intellektual yarışlar da təşkil olunub.
Qeyd edək ki, gənclər üçün təcrübə və bilik mənbəyi olan "Yay məktəbi"nin I turu iyulun 6-dək davam edəcək.
"Yay məktəbləri" gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir.