Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/
Müxalif Müsavat Partiyası opponentlərinə çağırış edib.
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə bildirib ki, partiyanın prezident seçkisində iştirakına dair qərarı dövlət və millət üçün taleyüklü məsələdir: "İyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısında seçki qərarı verilib və İsa Qəmbərin namizədliyini dəstəkləyib. Müsavat Partiyasında diktatura rejimi mövcud deyil ki, burada bir nəfərin diktəsi ilə qərar qəbul olunsun. Partiya Məclisi bu qərarı verib. Məqbul sayılıb ki, namizədlik məsələsi qalsın. Burada hər hansı başqa bir şey axtarmaq məntiqə sığan söhbət deyil. Hesab edirəm ki, bu qərar dövlət üçün, millət üçün taleyüklü bir məsələdir".
Əlisoy bildirib ki, istər "Müsavat" başqanı İsa Qəmbər olsun, istərsə də digər bir partiyanın sədri olsun, burada kimsə səhv etməyi özünə rəva bilməz. Çünki burada tarix qarşısında cavabdehlik, məsuliyyət daşımaq məsələsi var.
Onun sözlərinə görə, Müsavat Partiyası tarixi bir qərar verib, bu qərarın məsuliyyətini də özü daşıyır. İndiki halda partiyanın başqanı İsa Qəmbər məsuliyyət daşıyır: "Mən də bu gün götür-qoy edirəm ki, partiya seçkilərdə iştirakdan geri çəkilməməlidir. Bəzi hallarda deyirlər ki, bu partiya hakimiyyət üçün imkan yaradır ki, seçkilərə guya demokratik don geyindirilsin. Yəni Rüstəm İbrahimbəyovun vahid namizədliyi alınmasa, "Müsavat"ın iştirakı belə bir don geyindirəcək və o halda Müsavat Partiyasının başqanı iştirak edəcək. Amma mən dəfələrlə demişəm, bu cür yanaşmalar qeyri-ciddidir".
Partiya rəsmisi qeyd edib ki, seçkiöncəsi vəziyyət dəyərləndirildikdən sonra Məclis İsa Qəmbərin prezidentliyə namizədliyinin verilib-verilməyəcəyi məsələsini müzakirəyə çıxararaq yenidən siyasi qiymətini verə bilər.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov Milli Şuraya ikinci namizədin müəyyən edilməsi ilə bağlı müraciət ünvanlayıb. Lakin müracət Milli Şuranın iyulun 9-da keçirilən sessiyasında müzakirəyə çıxarılmayıb. Milli Şuranın sədri və namizədi Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə, demokratik düşərgədən ikinci namizəd irəli sürülməməlidir. Bu təkliflərlə bağlı Milli Şura daxilində ciddi fikir ayrılığı yaranıb.
Müsavat Partiyasının Məclisi isə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə, İsa Qəmbərin namizədliyinin veriləcəyi qərarında israrlıdır.