...

Can verən Milli Şuranın son akkordları

Siyasət Materials 20 Avqust 2013 13:40 (UTC +04:00)

Elçin Mehdiyev - Trend-in icmalçısı

Bu da Milli Şuranın səbirsizliklə gözlənilən, hansısa konkret qərarların qəbul ediləcəyi ehtimal edilən 19 avqust sessiyası. Nəticə isə heç nə! Əvvəlki iclaslardan sonra deyilən eyni sözlər: "ciddi məsələlər müzakirə olundu", "növbəti yığıncaqda məsələ üzərində müzakirələr davam edəcək" və s. Nə qədər eşitmək olar bu sözləri? Nə qədər eyni musiqiyə qulaq asmaq olar? Dünənki iclas da bir daha göstərdi ki, Milli Şura çətin ki, seçkilərə qədər nəsə edə bilsin.

Gərginlik içərisində gedən uzun müzakirələrdə Milli Şuranın yaralı yeri olan vahid namizədlə bağlı yekun qərar qəbu etmək mümkün olmadı. Milli Şura daxilində qarşılıqlı inamsızlığın mövcud olması tərəflərin qarşıdan gələn prezident seçkilərilə əlaqədar digər məsələlərdə də razılıq əldə etmələrinə mane oldu. Müzakirələrin növbəti iclasda davam edəcəyi və Milli Şuranın ehtiyat vahid namizədinin müəyyən ediləcəyi söylənildi. Ancaq nə iclasın vaxtı məlumdur, nə də ehtiyat namizədin adı. Dünənki iclasda bir neçə nəfərin adı ehtiyat vahid namizəd kimi səsləndirilsə də, Milli Şura üzvləri bununla razılaşmadı. Təkcə dünənki iclasda deyil, ümumiyətlə indiyə qədər adları təklif olunan heç bir ehtiyat vahid namizəd ya özləri bundan imtina ediblər ya da onların heç birinin üzərində konsesus əldə olunmayıb. Görəsən o "ağ atlı oğlan" kim olacaq kı, onun üzərində razılığa gələcəklər?

Digər bir tərəfdən dünənki iclasda da Milli Şurada təmsil olunan partiyalar və digər üzvlər arasında fikirayrılığı aydın şəkildə özünü büruzə verirdi. İclas iştirakçıları iki cəbhəyə bölünmüşdü. Bir qrup partiyaların öz namizədlərini irəli sürməsi, daha sonra seçki kampaniyası zamanı ən şanslı namizədin xeyrinə digərlərinin öz namizədliyini geri götürməsi, digər qrup isə ehtiyat vahid namizədin müəyyənləşdirilməsi üzərində dayanırdı. Bu qarşıdurma Milli Şuranın aparıcı qüvvələrindən hesab edilən Müsavat ilə Xalq Cəbhəsi partiyaları arasında daha çox görünürdü.

Amma yenə də Rüstəm İbrahimbəyovun namizədliyi gündəmdə qalırdı. Yəni Rüstəm İbrahimbəyov gəlsə, hər iki təkliflə müəyyən olunan namizədlər geri çəkiləcəklər. Başa düşmək olmur nə istəyirlər bu Rüstəm İbrahimbəyovdan? Seçkilərə vaxt getdikcə azalır, Milli Şura xeyli vaxt itirib, amma hələ də "Rüstəm İbrahimbəyov" deyib dururlar. Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyi vaxt isə hələ məlum deyil.

Yeri gəlmişkən, Milli Şuranın 18 avqust mitinqi də gözlənilən nəticənin tamamilə əksinə oldu. Mitinqdə minlərlə insanın iştirak edəcəyi bəyan edilsə də, bu, öz təsdiqini tapmadı. Yəni 18 avqust mitinqində müxalifətin, xüsusən də İctimai Palatanın əvvəl keçirdiyi mitinqlərdən az adamın iştirak etməsi Milli Şuranın cəmiyyətdə bir o qədər maraq doğurmadığını göstərdi.

Milli Şura haqqında, orada hələ də hökm sürən qeyri-müəyyənlik haqqında çox şey demək olar, amma bir şey dəqiqdir ki, yaranmamışdan əvvəl "müxalifətin ən böyük birliyi" və sair kimi təmtəraqlı adlar qoyulan Milli Şura müxalifətin tarixinə ən uğursuz bilrlik kimi düşəcək.

Bütün bu proseslər onu göstərir ki, Milli Şura yataqda can verən xəstəyə bənzəyir. Müalicəsi mümkün olmayan xəstənin sonu isə bəllidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti