...

Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 29 Avqust 2013 23:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılmışdır. Kompleksin tikintisi məqsədi ilə "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılmışdır. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Dövlətimizin başçısı kompleksin üzgüçülük zalı ilə tanış oldu.

Bildirildi ki, burada Türkiyə istehsalı olan hovuz sistemi və "Gonka Klima" markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır. İki yüz yerlik zalda iki soyunub-geyinmə, duş otaqları vardır. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Hər kottec dörd nömrədən ibarətdir.

Olimpiya İdman Kompleksinin ümumi zalının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd olundu ki, kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri "Sosial İnkişaf Lahiyə" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanmışdır.

Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq vardır. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcəkdir. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar yerləşir. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı vardır. Bu ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaqdır.

Olimpiya İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri və idmançılar adından çıxış edən Nərimankənd orta məktəbinin məşqçi-müəllimi Xəyal Əhmədov Azərbaycan idmanının inkişafına, həmçinin Saatlı rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti