Azərbaycan, Bakı, 9 sentyabr / Trend, müxbir S.Əhmədova /
Azərbaycan və Argentina arasında enerji, rabitə, informasiya texnologiyaları, peyk rabitəsi, infrastruktur sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən veridiyi məlumata görə, əməkdaşlıq imkanları Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido ilə görüşü zamanı müzakirə olunub.
Görüşdə həmçinin qeyd olunan sahələrdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və bu xüsusda fəaliyyət istiqamətləri müzakirə edilib.
Cari ilin dekabr ayında keçiriləcək "Bakutel 2013" Azərbaycan beynəlxalq telekomunikasiya və informasiya texnologiyaları sərgi və konfransında Argentina tərəfinin iştirakı məsələsi də görüşdə əsas diqqət mərkəzində olan mövzulardan olub.