...

Mehriban Əliyeva Bakıda internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binasının və uşaq bağçalarının açılışında iştirak edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Sentyabr 2013 20:49 (UTC +04:00)
Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilmişdir.
Mehriban Əliyeva Bakıda internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binasının və uşaq bağçalarının açılışında iştirak edib (FOTO) (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 19:43-də yayılıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Mehriban Əliyeva internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binasının və körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Mənzillərlə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, valideyn himayəsindən məhrum bir qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə məktəblərində təhsil alaraq müxtəlif peşələrə yiyələnmişlər. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan bu gənclərin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

Bildirildi ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulmuşdur. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil vardır. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilmişdir. Binanın həyətyanı ərazisi yaşıllaşdırılmış, uşaq oyun meydançaları qurulmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdilər. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlandı. Bildirdi ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Yeni mənzillərin sahibləri də diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıq etdilər.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban xanım Əliyevaya bağçada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin iyul ayında başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaqdır. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcəkdir. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunmuşdur. Bağçanın ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.

Sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında da iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla və Arzu Əliyevalara gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımı məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağça 1967-ci ildə tikilmiş və binanın əsaslı təmirinə ehtiyac yaranmışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq binada yenidənqurma işlərinə ötən il başlanılmışdır. Yenidənqurmadan sonra bağçada uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada 2 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 14 peşəkar mütəxəssis məşğul olacaqdır. Üç korpusdan ibarət 2 mərtəbəli binada 7 qrup fəaliyyət göstərir. Bağçada istilik sistemi tamam yenilənmiş, ərazi abadlaşdırılmışdır.

Sentyabrın 26-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılmışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edildi.

Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şərait barədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılmışdır. Yenidənqurma işlərinin qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.

Qeyd edildi ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə inşa edilmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilmişdir. Bağçanın otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdir. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilmişdir.

Bağçanın həyətində abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılmışdır. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılmışdır. Yeni layihəyə əsasən bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti