...

Azərbaycan mədəniyyəti Cənubi Afrika Respublikasında təmsil olunub

Siyasət Materials 14 Oktyabr 2013 13:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi bu ölkənin İohannesburq şəhərində CAR-da Türk İş Adamları Birliyi tərəfindən təşkil edilmiş yarmarkada iştirak edib.
Azərbaycan mədəniyyəti Cənubi Afrika Respublikasında təmsil olunub

Azərbaycan, Bakı, 14 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi bu ölkənin İohannesburq şəhərində CAR-da Türk İş Adamları Birliyi tərəfindən təşkil edilmiş yarmarkada iştirak edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, hər il təşkil edilən ənənəvi yarmarkanın əsas məqsədi CAR-da fəaliyyət göstərən türkiyəli iş adamlarının, təhsil ocaqlarının və digər sahələrdə fəaliyət göstərən nümayəndələrin bir araya toplaşaraq gördükləri işləri nümayiş etdirmək və ümumilikdə türkdilli xalqların mədəniyyətini təbliğ etmək məqsədi daşıyır.

Səfirliyin apardığı danışıqlar nəticəsində artıq ikinci dəfə olaraq sözügedən yarmarkada Azərbaycan Respublikasının CAR-dakı səfirliyi də öz guşəsi ilə iştirak edib. Səfirlik Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş məlumatlar, Heydər Əliyev Fondunun cap materialları, xalçalar, kitablar, milli yeməklər və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Səfirliyin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş "CAR-da Azərbaycanın dostları" təşkilatının da təbliğat materialları yer almışdır. Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və yeni yaranmış təşkilatın bukletləri, milli suvenir və yeməklərimiz paylanıb. Səfir Elxan Poluxov "Türk Hava Yolları" şirkətinin təşkil etdiyi xeyriyyə lotereyasında iştirak edib və yerli KİV-ə ölkəmizlə bağlı müsahibə verib. Həmçinin yarmarka zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən qonaqlara müxtəlif Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Qeyd etmək lazımdır ki, bu yarmarka İohannesburqda keçirilən ən iri kütləvi tədbirlərdən biridir və onu gün ərzində on minlərlə insan ziyarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti