Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev yeni təşkilatın yaranma tarixini açıqlayıb.
A.Quliyev Trend-ə bildirib ki, "Xalq arzusu" adlanacaq hərəkat dekabrın 1-də elan olunacaq: "Hazırlıq gedir, ayın 1-də Azərbaycan Demokratik Partiyasının qərargahında yığıncaq keçirəcəyik və yeni təşkilatın yaranmasını elan edəcəyik".
O, həmçinin bildirib ki, yığıncaqda AXCP-dən istefa səbəblərini də açıqlayacaq: "Yığıncaqda AXCP-dən getməyimin səbəblərini və yeni təşkilatın fəaliyyət istiqamətini açıqlayacağam".
A.Quliyevin sözlərinə görə, təqribən dekabr ayında yeni təşkilatın qurultayı keçiriləcək və qurultayda həm təşkilatın adı, həm də digər məsələlər bir daha müzakirə ediləcək.