...

İlham Əliyev xalq rəssamı Tahir Salahovu təbrik edib

Siyasət Materials 28 Noyabr 2013 16:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tahir Salahovu 85 illik yubileyi münasibətilə təbrik edib.
İlham Əliyev xalq rəssamı Tahir Salahovu təbrik edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev xalq rəssamı Tahir Salahovu 85 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Sizi - müasir dövrün görkəmli sənətkarını 85 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Siz təsviri sənət tarixinə "sərt üslub"un banilərindən biri kimi həmişəlik daxil olmusunuz. Şərq və Qərb mədəniyyətlərinin bütün çalarlarını özündə əks etdirən bənzərsiz yaradıcılıq dəst-xəttiniz əsrlərin və minilliklərin qovuşuğunda xüsusi əhəmiyyət daşıyır. Son illərin məhsulu olan əsərləriniz əyani surətdə nümayiş etdirir ki, ecazkar rənglər dünyasının dərin sirləri, gözəllik, xeyirxahlıq və əmək mövzuları ən ali bəşəri dəyərlər olaraq yenə də Sizin diqqət mərkəzinizdədir.

Əsərlərinizdə doğma Azərbaycanın həyatının ahəngi daim hiss olunmuşdur. Günəşi, dənizi, nefti, qədim Azərbaycan əfsanələrinin ruhunu və Abşeronun ab-havasını tərənnüm edən rəsmləriniz milli mədəniyyətimizin möhtəşəm hadisəsi kimi qəbul edilir. Ərsəyə gətirdiyiniz portretlər, peyzaj və natürmortlar bütünlükdə Azərbaycan rəssamlıq məktəbinə geniş şöhrət qazandırmışdır. Teatr rəssamı və monumental layihələrin rəhbəri olaraq xidmətləriniz danılmazdır.

Siz fırça ustalarının bir çox nəslinin yetişdirilməsində böyük rol oynamısınız. Sovet İttifaqı miqyasında ictimai fəaliyyətiniz mədəni siyasətin həyata keçirilməsinə sanballı töhfə vermiş və neçə-neçə yaradıcı insanın sənət aləmində öz yolunu tapmasına kömək etmişdir. Layiq görüldüyünüz çoxsaylı təltiflər və fəxri adlar fitri istedadınıza müxtəlif ölkələrdə verilən yüksək qiymətin etirafıdır. Sərgilərinizin coğrafiyası, eləcə də dünyanın məşhur muzeylərində saxlanan əsərləriniz dünya incəsənətinin inkişafında əhəmiyyətli yer tutduğunuzu təsdiq edir.

Əminəm ki, Siz yaradıcılığınızın pərəstişkarlarını bundan sonra da sevindirəcək, Azərbaycan təsviri sənətinin ənənələrini zənginləşdirəcək və şöhrətini artıracaqsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti