...

"Vətən" bloku Müsavat Partiyası ilə əməkdaşlığın şərtlərini açıqladı

Siyasət Materials 23 Yanvar 2014 15:42 (UTC +04:00)
"Vətən" siyasi bloku Müsavat Partiyası ilə əməkdaşlıq məsələsinə münasibət bildirib.
"Vətən" bloku Müsavat Partiyası ilə əməkdaşlığın şərtlərini açıqladı

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Vətən" siyasi bloku Müsavat Partiyası ilə əməkdaşlıq məsələsinə münasibət bildirib.

Ədalət, Yaşıllar və İslam partiyalarının təmsil olunduğu blokun icraçı katibi Mayis Güləliyev Trend-ə açıqlamasında bloka belə bir təklifin daxil olmadığını deyib: "Bizə belə bir təklif gəlməyib, ancaq təklif gələrsə, əlbəttə "Vətən" blokuna daxil olan partiyaların sədrləri ilə məsləhətləşmələr ola bilər. Ancaq əvvəlcədən hansı nəticənin əldə olunacağını, "Vətən" blokunun bu əməkdaşlığa gedib-getməyəcəyini demək olmaz".

O, əlavə edib ki, hər halda bütün məsələlər əməkdaşlığın özünün mahiyyətindən asılıdır: "Əgər əməkdaşlıq Azərbaycan milli maraqlarının müdafiə edilməsi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı, ümumiyyətlə, "Vətən" blokunun qarşıya qoyduğu məsələlərlə bağlı olacaqsa və blokun özünün qarşıya qoyduğu hədəfləri müdafiə etmək çərçivəsində olacaqsa, "Vətən" bloku belə bir əməkdaşlığa mənfi cavab verməz. Hər halda bütün bunların hamısı müzakirə olunmalı, dəyərləndirilməli və ondan sonra qərar verilməlidir. İndi heç nə demək olmaz, çünki elə bir təklif olmayıb".

M.Güləliyev onu da bildirib ki, "Vətən" bloku özü siyasi əməkdaşlıqla bağlı heç bir partiyaya müraciət etməyib.

Qeyd edək ki, Milli Şuranı tərk edən Müsavat Partiyası bir neçə siyasi təşkilata əməkdaşlıq sazişinin imzalanmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti