...

Gürcüstan Prezidenti Qəbələdə bir sıra obyektlərdə olub (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 13 Fevral 2014 13:55 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gəlib.
Gürcüstan Prezidenti Qəbələdə bir sıra obyektlərdə olub (ƏLAVƏ OLUNUB 2)

Yeni məlumatlar əlavə olunub (İlk xəbər saat 13:16-da yayılıb)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gəlib.

Trend xəbər verir ki, Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olub.

Georgi Marqvelaşvili Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olub.

Ali qonağa məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılıbr. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur.

Prezident Georgi Marqvelaşvili istehsal prosesini yaxından izləyib, meyvə qəbulu bölməsinə baxıb və hazır məhsulu şüşə qablara dolduran avtomatlaşdırılmış "Tetra Pak" xəttində işin gedişi ilə tanış olub.

Sonda qonaq müəssisədə istehsal edilən məhsulların dadına baxıb.

Gürcüstan Prezidenti Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə yaxından tanış olub.

Ali qonağın diqqətinə çatdırılıb ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Üçmərtəbəli Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılıb.

Prezident Georgi Marqvelaşvili binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olarkən məlumat verilib ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılıb ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb.

Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilib. Binanın önündən keçən çayın üzərində körpü tikilib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olub.

Gürcüstan dövlətinin başçısına məlumat verilib ki, Kompleksin inşasının birinci mərhələsi ötən ay başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Qeyd edilib ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir.

Artıq bu mövsümdə kompleksə gələn turistlər kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da istifadəyə verilib. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı turistlərə ilin bütün fəsillərində xidmət göstərəcəkdir.

Ali qonağa məlumat verilib ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır.

Sonra Gürcüstan Prezidenti "Riverside" kanat xəttinin aşağı stansiyasında olub, orada yaradılmış şəraitlə maraqlanıb. Məlumat verilib ki, burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulub. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.

Daha sonra Prezident Georgi Marqvelaşvili kanat xətti ilə gəzintiyə çıxıb.

Gürcüstan Prezidentinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar, aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verilib.

Ali qonaq Qəbələyə səfəri çərçivəsində rayonda yaradılmış digər müasir turizm infrastrukturları ilə də tanış olub. Gürcüstan Prezidentinə məlumat verilib ki, bu gün Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.

Qəbələyə səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonuna yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti