...

Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb (FOTO)

Siyasət Materials 13 Fevral 2014 16:49 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb.
Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilib.

Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib, qəbul edilmiş qərarlar illik əməkdaşlıq planına daxil edilib.

Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Müzakirələrin sonunda "Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşün Protokolu" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti