Azərbaycan, Bakı, 26 may /Trend/
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən Londonun "The Royal Horseguards" mehmanxanasında tədbir və ziyafət təşkil edilmişdir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri, Britaniya parlamentinin üzvləri, lordlar, Londonda akkreditə olmuş diplomatik korpusun üzvləri, səfirlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, Britaniyadakı azərbaycanlı icmasının çoxsaylı üzvləri, o cümlədən tələbələr və icma təşkilatlarının nümayəndələri, Böyük Britanyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Qonaqları salamlayan səfir Fəxrəddin Qurbanov 28 May - Respublika Gününün mahiyyəti haqqında məlumat vermiş və 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, əldə etdiyi nailiyyətlər barəsində danışmışdır. Səfir, həmçinin çıxışında müstəqil Azərbaycanın son 23 il ərzində müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edərək, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və dinamik inkişaf edən üzvünə çevrildiyini vurğulamışdır. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizn beynəlxalq nüfuzunun artdığını, çoxsaylı beynəlxalq platformalarda uğurla təmsil olunduğunu vurğulamışdır.
Azərbaycan və Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və başqa sahələrdə sürətlə inkişaf edən əlaqələrdən bəhs edən səfir enerji sahəsindəki əməkdaşlığımızın ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulamış, iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Qaret Beyli Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmış, ölkəsinin Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini vurğulamışdır. İki ökə arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik şəkildə inkişaf etdtiyini qeyd edərək, Azərbaycanın Əfqanıstandakı rolunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırmışdır. Son illə ərzində ölkələrimiz arasında yüksək səviyyəli təmasların sıxlaşdığını, qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayan Q.Beyli iqtisadi sahədə Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə görə lider mövqe tutmasının sevindirici hal olduğunu vurğulamışdır.
Tədbir çərçivəsində qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən müxtəlif kitab və bukletlər hədiyyə edilmişdir.
Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilmişdir.