Azərbaycan, Bakı, 26 may /Trend/
Türkiyənin Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə rəssam Nazlı Bacaranın əsərlərindən ibarət "Azərbaycan" mövzusunda rəsm sərgisi və proqram təşkil edib. Bu barədə Trend-ə Diaporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, mayın 13-də Türkiyənin Soma kömür mədənində 301 nəfərin ölümü ilə nəticələnmiş faciə ilə əlaqədar 28 May - Respublika Gününə həsr olunmuş bayram konserti ləğv edilib.
Türk-İslam dünyasının ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü ilə əlaqədar keçirilən rəssam N.Bacaranın əsərlərinin sərgisi iki gün davam edib. Sərginin açılışına Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri, vali müavini Rza Dalan, incənəsən adamları, Azərbaycan diasporunun təmsilçiləri qatılıb.
Respublika Günü münasibətilə təşkil edilən proqram isə Yunus Emre Mədəniyyət və Sənət Mərkəzində baş tutub. Proqram Soma şəhidləri və Türk dünyası şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan dövlət himninin oxunması ilə başlayıb.
Açılış nitqində 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan tarixinə qısaca nəzər salan Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu öz təsirli çıxışı ilə iştirakçıları qəhərləndirib.
Daha sonra Əskişəhər Azərbaycanlılar Dərnəyi üzvlərindən Cavid Əmirov Mustafa Kamal Atatürkün nitqindən bir parçanı və Atatürkün Azərbaycan haqqında fikirlərini oxuyub. Vəli Turanın rəhbərliyi ilə qurulmuş Əskişəhər Azərbaycanlılar Dərnəyi Teatr Birliyi Sovet İttifaqının Türk dünyası ziyalılarına, Turan düşüncəli insanlarına qarşı etmiş olduğu sürgünləri və soyqırımları izah edən səhnəciklə gecəyə damğasını vurub. Cənubi Azərbaycandan olan soydaşımız Azəryar Daneşvarın yazmış olduğu möhtəşəm "Salam Bakı" şeirini isə tamaşaçılar alqışlarla qarşılayıb. Daha sonra Məmməd Əmin Rəsulzadə və 1918-ci ildə qurulmuş olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında çarx nümayiş etdirilib.
Sonda çıxış edən Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın gecənin təşkilində iştirak edənlərə təşəkkür edib.
Gecənin sonunda xatirə fotoşəkili çəkdirilib.