...

Azərbaycanın Almaniyadakı diaspor təşkilatları 2015-ci ildə görüləcək işləri müzakirə etdilər (FOTO)

Siyasət Materials 31 May 2014 11:29 (UTC +04:00)
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Frankfurt şəhərində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirib.
Azərbaycanın Almaniyadakı diaspor təşkilatları 2015-ci ildə görüləcək işləri müzakirə etdilər (FOTO)

Almaniya, Frankfurt, 31 may /Trend, müxbir E.Hüseynli/

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Frankfurt şəhərində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə çıxış edən komitənin Avropa regionu şöbəsinin müdiri İlham Məmmədov bildirib ki, görüşün məqsədi diaspor təşkilatları qarşısında qoyulan vəzifələri müzakirə etməkdir.

Onun sözlərinə görə, gələn il qondarma "erməni soyqırımı"nın 100 illiyi və 2015-ci il I Avropa Oyunları ilə bağlı Azərbaycan diaspor təşkilatlarının üzərinə böyük vəzifə düşür.

İ.Məmmədov deyib ki, Azərbaycan diaspor təşkilatları Ermənistan diaspor təşkilatlarının qondarma "erməni soyqırımı" ilə bağlı təbliğatına qarşı əks tədbirlər keçirməlidir. Eyni zamanda, Azərbaycanı sevməyən qüvvələrin I Avropa Oyunları zamanı ölkəmizə qarşı qara piar kampaniyasının qarşısı Azərbaycan diaspor təşkilatları tərəfindən alınmalıdır.

Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə çıxışında qeyd edib ki, Azərbaycan diasporu dərnək fəaliyyəti səviyyəsindən akademik fəaliyyətə keçib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının regional koordinasiya mərkəzləri yaradılır. Artıq Almaniya və Ukraynada Azərbaycan diaspor təşkilatları ilə birgə bu mərkəzlərin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, yaxın zamanlarda 8 ölkədə bu mərkəzlərin yaradılması gözlənilir.

Görüşdə erməni diasporunun qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Avropa ölkələrində fəaliyyətinə qarşı mübarizə aparılması, Avropa ölkələrinin parlamentlərində qondarma "erməni soyqırımı"na dair qətnamələrin qəbul olunmasının qarşısının alınması istiqamətində fəaliyyətin istiqamətləri və Avropada yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirakının təmin olunması sahəsindəki problemlər müzakirə edilib.

Toplantıda 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği məqsədilə Avropada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən müxtəlif kampaniyaların təşkili ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova bəzi Avropa ölkələrində Azərbaycana qarşı ikili standartların müşahidə olunduğunu bildirib: "Diaspor təşkilatları öz işini elə qurmalıdır ki, Almaniya cəmiyyəti Azərbaycan haqqında düzgün informasiya ala bilsin".

Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür Azərbaycan diaspor təşkilatlarının siyasi partiyalarda iştirakını vacib sayıb, təşkilatları bu istiqamətdə aktiv iş görməyə çağırıb.

Tədbirdə çıxış edən Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədri Rasim Sadıqov təkilf edib ki, almanların Azərbaycana köçürülməsinin 195 illiyi ilə əlaqədar hər iki ölkənin bir neçə şəhərində hər iki millətin təmsilçilərinin iştitakı ilə mədəni-kütləvi tədbirlər keçirməklə bu tarixi geniş qeyd etmək olar.

Alman-Azərbaycan Gənclər Birliyinin sədri Elnur Rixter azərbaycanlı gənclərin diaspor fəaliyyətləri və qarşılaşdığı problemlərdən danışıb.

Almaniyada Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev isə yerli media ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Diaspor fəalı Kəmalə İsgəndərova şagird mübadiləsinin reallaşdırılmasını təklif edib. O deyib ki, çalışdığı orta məktəbin bir qrup müəllim və şagirdinin Azərbaycana 2-3 həftəlik səfərinin təşkili Azərbaycanın təbliği baxımından faydalı və əhəmiyyətli ola bilər.

Almaniyadakı diaspor təşkilatları rəhbərlərinin fikirlərini dinləyən Dövlət Komitəsinin nümayəndələri onların bütün təkliflərinin nəzərə alınacağını, Dövlət Komitəsinin səlahiyyətində olmayan məsələlərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti