...

Riçard Morninqstar: ABŞ növbəti iki il ərzində ANAMA-nın Çeyrançöl layihəsinə dəstək verəcək

Siyasət Materials 8 İyul 2014 11:13 (UTC +04:00)
ABŞ növbəti iki il ərzində ANAMA-nın Çeyrançöl layihəsi çərçivəsində əlavə 23 kv.km-lik ərazinin təmizlənməsi və təhlükəsizliyin təmin olunması səylərinə dəstək verəcək.
Riçard Morninqstar: ABŞ növbəti iki il ərzində ANAMA-nın Çeyrançöl layihəsinə dəstək verəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

ABŞ növbəti iki il ərzində ANAMA-nın Çeyrançöl layihəsi çərçivəsində əlavə 23 kv.km-lik ərazinin təmizlənməsi və təhlükəsizliyin təmin olunması səylərinə dəstək verəcək. Trend xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.

O, qeyd edib ki, ANAMA-nın əzmkarlığı nəticəsində 19 kv.km-lik ərazidə 173 təhlükə törədən mina və minlərlə partlamamış hərbi sursat zərərsizləşdirilib ki, prinsip etibarilə hər aşkar olunmuş hərbi sursat kiminsə həyatının xilas olunması deməkdir.

Səfir bildirib ki, NATO SNT Etimad Fondu layihəsində aparıcı rol oynayan ABŞ "Çeyrançöl minatəmizləmə layihəsi"nin növbəti mərhələsində də aparıcı rol oynamaqdan qürur duyur: "Növbəti iki il ərzində biz ANAMA-nın əlavə 23 kv.km-lik ərazinin təmizlənməsi və təhlükəsizliyin təmin olunması səylərinə dəstək verəcəyik. Həmçinin bu layihənin keçmiş iş fəaliyyətlərinə arxalanması və ANAMA-nın regional bacarıqlarının inkişafına töhfə verməsi bizi məmnun edir".

R.Morninqstar bu layihənin gerçəkləşməsində önəmli rol oynayan güclü əməkdaşlığı xüsusi vurğulayıb: "Azərbaycan hökuməti tərəfindən Çeyrançöl layihəsinə göstərilən davamlı dəstək və hökumətin layihənin dəyərinin yarısını maliyyələşdirməsinə dair götürdüyü öhdəlik bugünkü uğuru təmin edir. Mən layihənin peşəkar və səmərəli icrasını həyata keçirən NATO-nun Yardım Agentliyinə də öz təşəkkürmü bildirirəm. Ceyrançöl layihəsinin başlanmasından bəri ABŞ bu layihəyə 1 milyon dollardan çox vəsait yönəldib. Bununla yanaşı, 2000-ci ildən bəri ABŞ adi silahların zərərsizləşdirilməsinə 22 milyon dollardan artıq vəsait xərcləyib. Maliyyələşməsi tamamlanmayan layihənin ikinci mərhələsinə əlavə yardım göstərəcəyimizə ümid edirəm. Mən beynəlxalq ictimaiyyəti gələcək 24 ay ərzində vəsait ayıraraq bu kimi vacib təşəbbüsə davamlı dəstək göstərməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti